BAKI, 24 noyabr. TELEQRAF
Azərbaycanda vəzifəli şəxslərin fəaliyyətində maraqlar toqquşmasının araşdırılması üçün konkret müddətin müəyyən edilməsi təklif olunur.
Teleqraf xəbər verir ki, “Maraqlar toqquşması haqqında” Qanun layihəsinə əsasən, maraqlar toqquşması ilə bağlı müvafiq məlumat səlahiyyətli subyektlərə daxil olduqdan sonra araşdırma aparılacaq.
Layihədə nəzərdə tutulur ki, müəyyən edilmiş hallarda araşdırma 30 iş günü müddətində həyata keçirilsin.
Araşdırma nəticəsində maraqlar toqquşması müəyyən edildikdə onun aradan qaldırılması üçün müvafiq qərar qəbul olunacaq. Araşdırmanın nəticəsi barədə məlumat dərhal yazılı şəkildə vəzifəli şəxsə və müraciət müəlliflərinə bildiriləcək.
Bununla yanaşı, maraqlar toqquşması ehtimalı barədə məlumat verən vəzifəli şəxs məsələ həll edilənədək müvafiq maraqların toqquşduğu hissədə xidməti vəzifələrinin icrasını müvəqqəti dayandırmalıdır.
Layihə bu mexanizmlə maraqlar toqquşması hallarının vaxtında müəyyənləşdirilməsini və dövlət qərarlarının qərəzsiz qəbulunu təmin etməyi hədəfləyir.
Qanun parlamentdə birinci oxunuşdan keçib.