BAKI, 12 may. TELEQRAF

“Rusiyanın Cənubi Qafqazdakı maraqları dəyişməzdir, Qərb gözəl sözlərə baxmayaraq, Moskvanın yerini tuta bilməyəcək”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Dördüncü Departamentinin direktoru Mixail Kaluqin TASS agentliyinə verdiyi müsahibədə deyib.

“Vurğulamaq istərdim ki, Qərb gözəl sözlərinə baxmayaraq, yaxın gələcəkdə Cənubi Qafqazda nə təhlükəsizlik sektorunda, nə də iqtisadiyyatda Rusiyanın yerini tuta bilər. Regiondakı maraqlarımız sarsılmazdır”, - o bildirib.

Kaluqin qeyd edib ki, Cənubi Qafqaz Rusiya üçün həyati əhəmiyyət kəsb edir:

“Bizim maraqlarımız ondan irəli gəlir ki, Rusiya sadəcə qonşu deyil, həm də Qafqaz dövlətidir. Regionun bütün ölkələri ilə bizi çox sıx tarixi-mədəni bağlar birləşdirir. Beş respublikadan dördü ilə müttəfiqlik münasibətləri qurulub. Cənubi Qafqaz ölkələrinin hər biri üçün Rusiya əsas ticarət tərəfdaşlarından biridir. Regiondan bizim üçün əhəmiyyətli nəqliyyat arteriyaları keçir. Dağ silsiləsinin o tayında proseslərin necə inkişaf etməsi Şimali Qafqazdakı vəziyyətə də böyük ölçüdə təsir edir. Bir sözlə, Cənubi Qafqaz bizim üçün həyati əhəmiyyət daşıyır”.

Diplomatın sözlərinə görə, Rusiyanın əsas marağı regionun inkişafı, onun iqtisadi potensialının açılması, orada sabitlik və sülh qurşağının yaradılmasıdır:

“Regionun çiçəklənməsinə nə kömək edirsə, bu, Rusiyanın rifahına da xidmət edir. Bizim addımlarımızın məntiqi çox sadədir. Bu məntiqə əsaslanaraq, regionda silahlı münaqişələrə ardıcıl şəkildə qarşı çıxır, blokadaların aradan qaldırılmasını dəstəkləyir, ümumi regional bağlantı arxitekturasının qurulması üzərində fəal işləyirik ki, hər bir ölkə öz coğrafi mövqeyinin üstünlüklərindən yararlana bilsin. Cənubi Qafqaz iqtisadiyyatının rahat nəfəs almasını istəyirik. Bu, bizim üçün sərfəlidir.

Məhz buna görə də, 2020-ci ildə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan arasında qan tökülməsinin dayandırılması məqsədilə şəxsi səylər göstərmişdi. Həmin vaxt Bakı ilə İrəvan arasında sülh prosesinin əsasları da qoyuldu. Proses artıq bir neçə mərhələdən keçib, yenə də 2020-2022-ci illərdə Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında əldə olunmuş razılaşmalar əsasında hazırlanmış yol xəritəsinin məcrasında davam edir”.