BAKI, 3 aprel. TELEQRAF
“ABŞ ilə strateji tərəfdaşlıq üçün çərçivə barədə razılığa gəlməyə hazırıq”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.
“ABŞ-nin önəmli strateji tərəfdaşlarından biri idik, bunu dəfələrlə təsdiqləmişik. Təəssüf ki, əvvəlki administrasiya (Co Bayden) münasibətləri korladı, durumu bizim üçün qəbuledilməz səviyyəyə çatdırdı. Yeni administrasiyanın (Donald Tramp) bunu düzəltmək imkanı var, biz buna hazırıq. Məsələlərdən biri də yeni strateji tərəfdaşlığın formalaşmasıdır. ABŞ dövlət katibi ilə Gürcüstan Baş naziri arasındakı söhbət ölkələr və hökumətlər arasında münasibətlərin yüksək siyasi səviyyəyə yüksəldiyinin göstəricisidir. Gürcüstan və ABŞ arasında tərəfdaşlığın necə olması ilə bağlı konkret həll yolu tapılacağını gözləyirik.
Apreldə növbəti addımların münasibətlərin yenidən qurulmasına yönələcəyini gözləyirik. Son zamanlarda tez-tez müxtəlif səviyyələrdə və məzmunda səfərlər baş verir. Məqsəd strateji tərəfdaşlığı bərpa etmək deyil, Gürcüstan və Amerika arasında qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlığa sahib olmaqdır”, - spiker bildirib.