
BAKI, 6 fevral. TELEQRAF
İran həmişə Ermənistanın böyüməsi və güclənməsini dəstəkləyib. İki ölkə arasındakı münasibətlər yüksək səviyyədədir.
Teleqraf xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Mehdi Sübhani jurnalistlərə açıqlamasında deyib.
Diplomat jurnalistin müvafiq sualına cavabında Tehranın ənənəvi “sərhədlərin dəyişdirilməsi” hədyanından da bəhs edib:
“Bu gün ikitərəfli münasibətlərimizdə qarşılıqlı anlaşma var, münasibətlərin tingi qalın gövdəli ağaca çevrilib. İran bunu (İrəvanla münasibətləri) regionda davamlı sülh və sabitliyin bərqərar olması öhdəliyi hesab edir, İran beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsinə, geosiyasi dəyişikliklərə və regional məsələlərin həlli üçün güc tətbiqinə qəti şəkildə qarşıdır.
İran bütün ölkələrin, xüsusən də Ermənistanın ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir”.
Sübhaninin sözlərinə görə, İran erməni xalqını özünün dostu hesab edir və Ermənistanın güclənməsini dəstəkləyir.
Sübhani çıxışını ermənicə bitirib: “Yaşasın Ermənistan, yaşasın İran”.
Xatırladaq ki, İran “sərhədlərin dəyişdirilməsi” cəfəngiyyatını Zəngəzur dəhlizi məsələsi kontekstində gündəmə gətirib. İran 44 günlük müharibədən sonra Ermənistanı özünün “qırmızı xətt”i elan edib. Azərbaycanın öz ərazilərini işğaldan azad etməsindən hiddətlənən İran o tarixdən Ermənistana açıq dəstək verməyə başlayıb. Yəni oradək olan məlumun – gizli dəstəyin açıq elanını edib.