YARDIMLI, 9 avqust. TELEQRAF

Yardımlıda tarixi abidə statusunda olan ən yaşlı ağac bu gün də qorunur.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, 1200-dən çox yaşı olan çinar ağacı rayonun Ökü kəndində yerləşir.

Diametri 10 metrə yaxın olan bu ağac dəfələrlə ildırım vurmasına baxmayaraq məhv olmayıb. Hazırda ildırımın təsirindən gövdəsində yaranmış yanıq izləri və parçalanmış hissələr olsa da, həmin yarımçıq gövdələrin üzərində hələ də yamyaşıl yarpaqları olan budaqları görmək mümkündür.

Tarixi məlumatlara görə, orta əsrlərdə bu ərazi karvanların əsas dayanacaq məntəqələrindən biri olub. Hazırda isə bu möhtəşəm çinarı görmək üçün müxtəlif bölgələrdən turistlər gəlir.

Qeyd edək ki, 1070 metr dəniz səviyyəsindən yüksəklikdə yerləşən çinar ağacı yerli əhəmiyyətli tarixi abidələr siyahısına daxildir.