ASTARA, 8 avqust. TELEQRAF
Astaranın Səxəkəran kəndində yolun bərbad olması sakinlərin həyatını iflic edib.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, Astara rayonunun Səxəkəran kəndində bu problem illərdir davam edir. Bu isə sakinlərin ciddi narazılığına səbəb olur.
Sakinlərin sözlərinə görə, hazırda kənddə 15-ə yaxın ailə yaşayır, xüsusilə payız-qış aylarında onların vəziyyəti daha dözülməz hal alır.
Yağıntılı havalarda yol tamamilə keçilməz olur, nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkünə çevrilir. Nəticədə kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilir, xəstəxanaya və digər vacib ünvanlara getmək imkanları sıfıra enir.
"Əsas yoldan bizim evə qədər məsafə təxminən 3 kilometrdir. Yağış yağan kimi maşınla kəndə daxil olmaq problemi yaranır. Qışda avtomobilləri yolun başında saxlayıb, 3 kilometrlik məsafəni piyada keçib evə çatırıq. Bu, yaşlılar və uşaqlar üçün xüsusilə əziyyətlidir", – deyə kənd sakini Əhliman Cəfərov bildirib.
Sakinlər deyir ki, bəzən aylarla kəndin rayonla əlaqəsi kəsilir. Belə hallarda təcili tibbi yardım çağırmaq, məktəbə getmək və gündəlik ərzaq ehtiyaclarını qarşılamaq böyük çətinliklər yaradır. Yolun yararsız olması səbəbindən kənddə iqtisadi fəallıq da minimum səviyyədədir.
Kənd camaatı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problem hələ də həll edilməmiş qalır.