BAKI, 4 avqust. TELEQRAF
Krım yarımadasının Sevastopol şəhərinin Xmelnitskoye kəndində (Ukraynanın müvəqqəti işğal olunmuş ərazisi - red.) hərbçi öz xidmət yoldaşlarına və dinc sakinlərə atəş açıb.
Teleqraf xəbər verir ki, bu barədə regionun "rəhbəri" Mixail Razvojayev məlumat verib.
Onun sözlərinə görə, hərbçi əvvəlcə öz xidmət yoldaşlarını atəşə tutub:
"Onlardan biri ölüb, digəri isə yaralanıb. Bundan sonra cinayətkar kənddə dinc sakinlərə hücum edib. 3 mülki şəxs - 71 və 59 yaşlı iki kişi, eləcə də 64 yaşlı qadın həyatını itirib. Daha 3 kənd sakini isə yaralanıb. Ümumilikdə hadisə nəticəsində 4 nəfər həlak olub, 4 nəfər yaralanıb".
M.Razvojayev qeyd edib ki, atəş açan hərbçi artıq saxlanılıb:
"Yaralılar xəstəxanaya yerləşdirilib və onlara təcili tibbi yardım göstərilir. Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları və müstəntiqlər araşdırma aparır".