BAKI, 4 iyul. TELEQRAF

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya ordusunun Donetsk vilayətinin Konstantinovka şəhərini ələ keçirməsi ilə bağlı iddiasını təkzib edib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının sözçüsü mayor Andrey Kovalyov bildirib.

Mayor Konstantinovkanın işğalı ilə bağlı məlumatların yalan olduğunu deyib.

Kovalyovun sözlərinə görə, yaşayış məntəqəsi Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altındadır: “Şərq” qoşun qrupunun bölmələri həm şəhərin özündə, həm də ona gedən yollarda müdafiə əməliyyatını davam etdirir”.

O vurğulayıb ki, Rusiyanın kiçik piyada qrupları vaxtaşırı Konstantinovkaya daxil olmağa çalışsa da, Ukrayna qoşunları əks-hücum tədbirləri həyata keçirir.

Xatırladaq ki, Rusiyanın Baş Qərargah rəisi Valeri Gerasimov bundan əvvəl Prezident Vladimir Putinə Konstantinovkanın ələ keçirilməsini məruzə etmişdi.