BAKI, 5 iyun. TELEQRAF

Rusiya Azov dənizində Azərbaycan vətəndaşlarının da olduğu gəmilərin vurulmasına görə Ukraynanı ittiham edib.

Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Diplomat bildirib ki, Rusiyanın səlahiyyətli orqanlarından alınan məlumata görə, Türkiyədən Rostov-na-Donu limanına Beliz və Palau bayraqları altında hərəkət edən “Natra” və “Zirkon” gəmiləri iyunun 5-də səhər tezdən Azov dənizində hücuma məruz qalıb.

“Hadisənin baş vermə səbəbləri araşdırılır. Mövcud məlumata əsasən, gəmilərə Ukrayna dronları hücum edib, bu da bir daha Kiyev rejiminin terrorçu mahiyyətini təsdiqləyir, onlar getdikcə tez-tez mülki şəxsləri və infrastrukturu hədəf alırlar”.

Zaxarova qeyd edib ki, Rusiya Ukrayna Silahlı Qüvvələrinin Azov dənizindəki gəmilərə hücumları ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi və Moskvadakı Azərbaycan səfirliyi ilə təmasdadır və Azərbaycan vətəndaşlarına konsulluq xidmətinin təmin edilməsində kömək edəcək:

“Moskvadakı Azərbaycan səfirliyi və Azərbaycan Xarici İşlər Nazirliyi ilə sıx təmasdayıq. Rusiya tərəfi hadisənin şərtləri barədə məlumat əldə etməkdə və Azərbaycan vətəndaşlarına konsulluq xidmətinin təmin edilməsində tərəfdaşlarımıza bütün lazımi köməkliyi göstərəcək”.

Xatırladaq ki, 2026-cı il iyunun 5-nə keçən gecə Azov dənizinin Taqanroq körfəzində “Natra” və “Zirkon” quru yük gəmilərinin pilotsuz uçuş aparatlarının hücumuna məruz qaldığı xəbəri yayılıb. Hücumlar nəticəsində beş nəfərin həlak olduğu deyilir.

Həlak olmuş dənizçilər dövlət xətti ilə deyil, könüllü xidmətdə olublar.

Qeyd edək ki, Xarici İşlər Nazirliyi yük gəmilərinin vurulması nəticəsində beş Azərbaycan vətəndaşının həlak olduğunu, üçünün yaralandığı barədə açıqlama yayıb.