BAKI, 12 fevral. TELEQRAF
“Avropa ölkələrində militarizasiya açıq şəkildə Rusiyaya yönəldilib”.
Teleqraf xəbər verir ki, bunu KTMT-nin Baş Qərargah rəisi general-polkovnik Andrey Serdyukov deyib.
“Avropada militarizasiya sürətlə davam edir, bu, açıq şəkildə Rusiyaya qarşı hərbi qarşıdurmaya hazırlıq məqsədi daşıyır. Bunun üçün koalisiya qüvvələrinin KTMT ölkələrinin sərhədlərinə yaxın ərazilərdə mövcudluğu artırılır, həmçinin ərazilərin əməliyyat baxımından təchizatı və müvafiq infrastrukturun təkmilləşdirilməsi həyata keçirilir”, - o bildirib.
Serdyukovun sözlərinə görə, hazırda ən mürəkkəb vəziyyət Şərqi Avropa regionunda formalaşırş
General əlavə edib ki, regiondakı qeyri-sabitliyin əsas faktorunu Rusiya-Ukrayna müharibəsini uzatmağı hədəfləyən Qərbin fəaliyyəti təşkil edir:
“Ümumiyyətlə, 2025-ci il geosiyasi gərginliyin artması və kollektiv təhlükəsizlik regionlarında vəziyyətin gərginləşməsi ilə səciyyələnib, bu da qeyri-sabitlik zonalarının birbaşa KTMT-yə üzv dövlətlərin sərhədlərinə yaxınlaşması ilə bağlıdır”.
Serdyukov xəbərdarlıq edib ki, bəzi Qərb ölkələrinin qeyri-dost davranışları və dünyanın əksəriyyəti ilə əməkdaşlıqdan imtina etmələri bütün beynəlxalq təhlükəsizlik arxitekturasının mənfi transformasiyasına səbəb olur.