BAKI, 29 dekabr. TELEQRAF

Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı, hazırda Böyük Britaniyada səfir olan Valeri Zalujnı yanvarın əvvəlində tutduğu vəzifəni tərk etməyə hazırlaşır.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.

General-polkovnik Zalujnı hələ bir neçə həftə əvvəl Kiyevdə olarkən istefa vermək istəyini Ukrayna Prezidenti Volodimir Zelenskiyə çatdırıb.

Zalujnı ilə Zelenski baş nazir postundan Prezident Administrasiyasının rəhbərinədək müxtəlif vəzifələri müzakirə ediblər. Amma həmin vaxt Zalujnı bu təkliflərə maraq göstərməyib.

Zalujnı bir müddət ABŞ-də səfir və ya yenidən Ukrayna Silahlı Qüvvələrinin baş komandanı vəzifəsi barədə düşünüb, amma hələlik bu istiqamətdə heç bir qərar yoxdur.

Mümkündür ki, Zalujnı Kiyevə qayıtmaq istəyir. Əgər onun qərarına heç nə təsir etməsə, bunu yanvarın 4-5-də elan edə bilər.

Xatırladaq ki, Valeri Zalujnı 2024-cü il fevralın 8-də Ukrayna Silahlı Qüvvələrinin baş komandanı vəzifəsindən azad edilib, üç ay sonra Ukraynanın Böyük Britaniyadakı səfiri təyin olunub. Silahlı Qüvvələrin rəhbəri olarkən adı Qərb KİV-lərində Volodimir Zelenskinin yerinə mümkün namizədlərdən biri kimi hallandırılırdı. İddiaya görə, Ukrayna lideri bunun qarşısını almaq üçün onu Böyük Britaniyaya səfir göndərib.