BAKI, 21 oktyabr. TELEQRAF

“Şimali Kipr Türk Cümhuriyyətində keçirilmiş seçkinin nəticələri çox az iştirakla baş tutub, Kipr türklərinin taleyi bu qədər az iştirakla təmsil edilə bilməz”.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı deyib.

“Seçkilərin nəticələri Seçki Komissiyası tərəfindən elan edilsə belə, Şimali Kipr Türk Cümhuriyyəti təcili toplanmalı, seçki nəticələrini və federasiyaya qayıdışın (Şimali Kipr və Cənubi Kiprin birləşməsi prosesi – red.) qəbulolunmazlığını bəyan etməli və Türkiyə Cümhuriyyətinə birləşmək qərarı verməlidir”, - MHP lideri bildirib.

Dövlət Baxçalı bunun ölüm-qalım məsələsi olduğunu vurğulayıb:

“Məsələnin demokratik hüquqlar və səsverməyə hörmətlə heç bir əlaqəsi yoxdur. Çünki məsələ vətən, millət, varlıq, təhlükəsizlik, şərəf və ləyaqət məsələsidir. Şimali Kipr Türk Cümhuriyyəti parlamenti toplanmalı və Türkiyəyə birləşmək qərarı qəbul etməlidir. 81-ci vilayət Düzcədən sonra 82-ci vilayətin Şimali Kipr olması artıq ölüm-qalım məsələsinə çevrilib”.

Oktyabrın 19-da Şimali Kiprdə keçirilən prezident seçkilərində Cümhuriyyətçi Türk Partiyasının sədri Tufan Ərhürman 62,80 faiz səs toplayaraq prezident seçilib. Hazırkı Prezident Ərsin Tatar 35,77 faiz səslə ikinci olub.

Tufan Ərhürmanın seçilməsi müzakirələrə səbəb olub. Onun barəsində Şimali Kiprin adanın yunan tərəfi ilə – Cənubi Kiprlə birləşməsinin tərəfdarı olması kimi iddialar irəli sürülüb.