BAKI, 19 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın Avropa liderləri və Ukrayna Prezidenti Volodimir Zelenski ilə Vaşinqtonda keçirdiyi görüşdən sonra Ankasam Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Mehmet Seyfəddin Erol bildirib ki, Ukraynada atəşkəs və ya sülh razılaşması 2025-ci ilin sonuna qədər ABŞ-nin zəmanəti ilə mümkün ola bilər.
Teleqraf xəbər verir ki, "Milliyet" qəzetinə danışan Erolun sözlərinə görə, Avropa ölkələri Trampın tələblərini qəbul edərək passiv mövqedə qalıb və Ukraynada atəşkəs artıq ABŞ və Rusiya arasında razılıq əsasında formalaşacaq.
O əlavə edib ki, Vaşinqton münaqişədən həm Rusiya-Aİ yaxınlaşmasını dayandırmaq, həm də Aİ-ni ABŞ-yə daha çox asılı etmək üçün istifadə edib.
Erol qeyd edib ki, Tramp Çindən uzaqlaşması qarşılığında Rusiyanı “Avrasiya tərəfdaşı”na çevirməyi bacarıb.
Qeyd edək ki, Vaşinqton görüşündə Zelenski, Aleksandr Stubb, Emmanuel Makron, Key Starmer, Fridrix Mersi, Corcia Meloni, eləcə də Avropa Komissiyası rəhbəri Ursula fon der Leyen və NATO-nun baş katibi Mark Rutte iştirak ediblər. Bu, ilk dəfədir ki, qeydolunan sayda yüksək səviyyəli liderlər Ağ Evdə eyni masa ətrafında toplaşır.