BAKI, 4 iyul. TELEQRAF
Polşanın sabiq prezidenti və "Həmrəylik" hərəkatının lideri Lex Valensa xəstəxanaya yerləşdirilib.
Teleqraf xəbər verir ki, 81 yaşlı siyasətçi hospitalizasiya olunması barədə şəxsən sosial şəbəkədə paylaşım edib.
Valensa paylaşımını tibbi cihazlar qoşulmuş və oksigen maskası ilə xəstəxana çarpayısında uzanmış vəziyyətdə çəkilmiş şəkillə müşayiət edib.
Polşa mətbuatının məlumatına görə, hospitalizasiya planlaşdırılmış tibbi prosedurla bağlıdır, əvvəlcə bu proseduru daha sonra keçirmək nəzərdə tutulsa da, həkimlər müdaxiləni təxirə salmamaq qərarına gəliblər.
Keçmiş prezidentin təcili cərrahi əməliyyat keçirdiyi bildirilir.
Qeyd edək ki, Valensa uzun müddətdir şəkərli diabet xəstəliyindən əziyyət çəkir, onun ürək problemləri var.