
BAKI, 19 mart. TELEQRAF
Bu gün səhər saatlarında saxlanılan Türkiyənin İstanbul şəhərinin bələdiyyə sədri Əkrəm İmamoğlunun yerinə qəyyum təyin edilə bilər.
Teleqraf xəbər verir ki, bunu TGRT telekanalının redaktoru Fatih Atik deyib.
Onun açıqlaması belədir:
“İmamoğlu ilə bağlı iki araşdırma var. Birincisi, “cinayətkar dəstənin lideri” olması ilə bağlıdır. İkincisi, PKK/KCK terror təşkilatı ilə bələdiyyə seçkiləri zamanı sövdələşərək, ona yardım və açıq şəkildə dəstək verməsi ilə əlaqəlidir.
Bütün bunlardan sonra əsas sual budur: İstanbul bələdiyyəsinə qəyyum təyin ediləcəkmi? Əkrəm İmamoğlu vəzifəsindən azad ediləcəkmi? İmamoğlu və daha 7 nəfər birbaşa PKK/KCK-ya yardım etməkdə günahlandırılır, əvvəllər belə ittihamlarla üzləşmiş bəzi bələdiyyə sədrləri işdən çıxarılmış və yerlərinə qəyyum təyin olunmuşdu.
Ötən il bununla bağlı hüquqi tənzimləmə parlament tərəfindən qəbul edilib və qüvvəyə minib. Bir çox bələdiyyə sədrləri bu kontekstdə, “terror təşkilatlarına yardım” ittihamı ilə vəzifələrindən uzaqlaşdırılıb.
Əkrəm İmamoğluna qarşı da belə bir ittiham var. Bu istintaq çərçivəsində prokurorluğa ifadə verəcək. İmamoğlu 4 günlük saxlanılma müddətindən sonra “terror təşkilatına yardım” ittihamı ilə həbs edilərək məhkəməyə çıxarılarsa, İstanbul bələdiyyəsinə qəyyum təyin ediləcək”.
Həmçinin Fatih Atik əlavə edib:
“Bildiyimə görə, “cinayətkar dəstənin lideri olmaq” ittihamı ilə üzləşənlərin yerinə qəyyum təyin edilmir. Əgər “cinayətkar dəstənin lideri” qismində həbs edilsə, vəzifəsindən uzaqlaşdırılacaq, amma qəyyum əvəzinə, yerinə bələdiyyə məclisindən yeni CHP üzvü seçilə bilər”.