
BAKI, 19 mart. TELEQRAF
Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) mərhum sədri Dəniz Baykalın qızı Aslı Baykal İstanbul şəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun saxlanılması ilə bağlı açıqlama verib.
Teleqraf xəbər verir ki, Baykal İmamoğlu və komandasının həbsləri qabaqcadan gördüyünü və tələsik CHP-də prezidentliyə namizədlik üçün ilkin seçki ilə vətəndaşları üz-üzə gətirməyi hədəflədiyini bildirib.
“İmamoğlunun CHP üzərindəki təsirini düşündükdə bunların haradan qaynaqlandığını və nədən qidalandığını düşünməmək mümkün deyil. Çox gərəksiz, bir nəfər üçün tələsik ilkin seçkinin keçirilməsinin səbəbi bu həbslərin olacağını əvvəldən bilmək və vətəndaşları ədalətlə üz-üzə qoymaq idi. Bu araşdırmalar ölkənin ziyanına deyil, xeyrinədir və təmiz siyasətə doğru böyük addımlardır.
Bizim vəzifəmiz türk məhkəməsinə inanmaq və araşdırmaların nəticəsini gözləməkdir. CHP-nin üzərinə düşən də yaxşı bir təqvim qurmaq, təmiz qurultay keçirmək və Atatürkə həqiqətən bağlı bir heyətlə yoluna davam etməkdir”, - o bildirib.
Xatırladaq ki, martın 23-də CHP-də prezidentliyə namizədin müəyyən edilməsi üçün ilkin seçki planlaşdırılıb. Bu gün barəsində saxlanılma qərarı verilən Əkrəm İmamoğlu CHP-nin yeganə namizədi kimi seçkiyə qatılmalı idi.