BAKI, 11 sentyabr. TELEQRAF

Qazaxıstan Hərbi Dəniz Qüvvələri bu gün Xəzər dənizinin öz sektorunda planlı təlimlərə başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimlərin üç mərhələdə keçiriləcəyi bildirilib. Dənizçilər gəmilər arasında qarşılıqlı fəaliyyəti, naviqasiya və rabitəni, gəmilərin idarə olunmasını və silahların tətbiqini məşq edəcəklər. Ekipajların sahildən uzaq məsafələrdə fəaliyyətlərinə xüsusi diqqət yetiriləcək.

Hərbi Dəniz Qüvvələrinin baş komandanının döyüş hazırlığı üzrə müavini I dərəcəli kapitan Arman Satkanovun sözlərinə görə, təlimlər zamanı ekipajların praktiki bacarıqlarının daha da təkmilləşdirilməsinə xüsusi diqqət yetiriləcək:

“Təlimlər zamanı ekipajlar silahlardan istifadə etməklə praktiki atışlar həyata keçirəcək və birgə fəaliyyətləri məşq edəcəklər. Mərhələlər keçildikcə tapşırıqlar mürəkkəbləşdiriləcək və təlimlərə əlavə bölmələr cəlb olunacaq”.

Təlimlər müxtəlif şəraitlərdə tapşırıqların icrasına gəmi ekipajlarının hazırlığını yoxlamaq məqsədi daşıyır.