BAKI, 13 avqust. TELEQRAF

Qırğızıstanda növbədənkənar prezident seçkilərinin keçirilməsinə çağırış edən 70 siyasi-ictimai xadim hakimiyyəti ələ keçirməyə cəhd işi üzrə şahid qismində məhkəməyə cəlb ediləcək.

Teleqraf xəbər verir ki, bu barədə jurnalistlərə Qırğızıstan parlamentinin keçmiş sədri, hakimiyyəti ələ keçirməyə cəhd işi üzrə təqsirləndirilən şəxslərdən biri Nurlanbek Turqunbek-ulunu müdafiə edən vəkil Latıpbek Nuralimov bildirib.

2026-cı ilin fevralında Qırğızıstanın 75 tanınmış siyasi-ictimai xadimi respublikanın konstitusiyasının köhnə və yeni redaksiyaları arasındakı hüquqi ziddiyyətlərlə əlaqədar növbədənkənar prezident seçkilərinin keçirilməsi təklifi ilə müraciət imzalayıb. Bundan sonra ölkədə genişmiqyaslı kadr dəyişiklikləri başlayıb. Xüsusilə Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri Kamçıbək Taşiyev vəzifəsindən azad edilib, Turqunbek-ulu isə parlament sədri vəzifəsindən könüllü istefa verib.

Ardınca 5-i həmin müraciəti imzalayan şəxslər olmaqla, 8 siyasətçi hakimiyyəti ələ keçirməyə cəhddə ittiham edilib.

İyulun 2-də Bişkekin Pervomayski rayon məhkəməsi Turqunbek-ulu, Taşiyev, keçmiş baş prokuror Kurmankul Zuluşev və daha 5 nəfəri hakimiyyəti ələ keçirməyə cəhd işi üzrə 4 il müddətinə azadlıqdan məhrum edib. Bununla yanaşı, onların hər biri üçün 3 illik probasiya nəzarəti müəyyənləşdirilib.

Təqsirləndirilən şəxslərin vəkilləri və prokurorluq məhkəmənin qərarından yuxarı instansiyaya apellyasiya şikayəti verib.

Apellyasiya şikayətinə baxılması üzrə növbəti məhkəmə iclası 17 avqustda keçiriləcək.