BAKI, 19 iyul. TELEQRAF
Qazaxıstan Xarici İşlər Nazirliyi (XİN) Qara dənizdə Xəzər Boru Kəməri Konsorsiumunun (KTK) neftini daşıyan tankerlərə edilən PUA hücumlarını pisləyib.
Teleqraf Qazaxıstan XİN-ə istinadən xəbər verir ki, rəsmi Astana bu cür hücumların dərhal dayandırılmasını tələb edir.
Bildirilib ki, baş verənlər ölkənin iqtisadi maraqlarına qəbuledilməz qəsd və beynəlxalq ticarəti pozmağa yönəlmiş məqsədli addımlardır.
Qazaxıstan tərəfi mülki gəmilərin təhlükəsizliyi ilə bağlı razılaşmanın pozulmasından narahatdır:
"KTK terminallarından neft yükləyən mülki gəmilər barədə əvvəllər razılaşdırılmış məlumat mübadiləsi mexanizminin qəsdən qulaqardına vurulması xüsusi narahatlıq doğurur. Bu addım mülki gəmilərin ekipaj üzvlərinin həyatını və təhlükəsizliyini təhlükə altına qoyub".
Qeyd edilib ki, hazırda Qazaxıstan hücumlar nəticəsində dəyən ziyanı qiymətləndirir.
Rəsmi Astana öz qanuni maraqlarını qorumaq üçün beynəlxalq hüququn bütün imkanlarından istifadə edəcəyini, o cümlədən dəymiş ziyanın ödənilməsini tələb etmək hüququnu özündə saxladığını bəyan edib.