BAKI, 25 may. TELEQRAF

“Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətləri kəsmək üçün açıq kurs tutub”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev yerli mediaya deyib.

Medvedev bildirib ki, Paşinyan Ermənistanı həm Avropa İttifaqına (Aİ) doğru aparmağa, həm də lazımi müddətə qədər Avrasiya İqtisadi Birliyində (AİB) qalmaqla bu qurumdan faydalanmağa çalışır, bu da ağrılı nəticələrlə yekunlaşa bilər.

Təhlükəsizlik Şurasının sədr müavini qeyd edib ki, bu təhlükəli siyasət nəticəsində Rusiya və Avrasiya bazarlarını və onilliklər ərzində formalaşmış iqtisadi əlaqələrini itirən Ermənistan xalqı əziyyət çəkəcək:

“Bəlkə də bizi axmaq hesab edir. Bu arada, o, böyük səhvə yol verib və ölkəsi üçün son dərəcə təhlükəli yol izləyir”.

Dmitri Medvedev əlavə edib ki, Nikol Paşinyan Ermənistanı Ukraynanın kədərli yoluna sürükləyir.

İqtisadi nəticə olaraq, o, Ermənistanın Rusiya qazını mövcud tariflərdən üç dəfə baha olan Avropa qiymətləri ilə almağa məcbur olacağı barədə xəbərdarlıq edərək, Baş nazirə öz vətəndaşlarından bu qiyməti ödəməyə hazır olub-olmadıqlarını soruşmağı təklif edib.