BAKI, 26 yanvar. TELEQRAF
Qazaxıstanın su ehtiyatları naziri Nurjan Nurjigitov Dünya Bankının Astanadakı daimi nümayəndəsi Andrey Mixnevlə görüşüb.
Teleqraf xəbər verir ki, görüş zamanı tərəflər hazırlanmaqda olan birgə layihələrin icra mexanizmlərini müzakirə ediblər. Xüsusilə, Şimal Aralın qorunması layihəsinin ikinci mərhələsinin həyata keçirilməsi məsələsinə baxılıb.
Bu layihə dənizdə su səviyyəsini qaldırmaq məqsədilə Kök-Aral bəndinin yenidən qurulmasını nəzərdə tutur. Hazırda layihənin hazırlanması üzrə işlər yekunlaşmaq üzrədir. Bununla yanaşı, Qızılorda vilayətində irriqasiya şəbəkələrinin rəqəmsallaşdırılması və avtomatlaşdırma elementlərinin tətbiqi ilə bərpası layihəsi də hazırlanır.
Bu addımlar sudan daha səmərəli istifadə etməyə imkan verəcək və qənaət edilən su həcminin Şimal Aral dənizinə yönəldilməsinə şərait yaradacaq. Hazırda bu layihələr dövlət ekspertizasından keçirilir.
Qeyd edək ki, Şimal Aralda su həcminin 34 milyard kubmetrə qədər artırılması planlaşdırılır. Şimal Aral layihəsinin ikinci mərhələsi üçün də maliyyənin xaricdən cəlb olunması nəzərdə tutulur.