BAKI, 19 avqust. TELEQRAF

Şimali Koreya lideri Kim Çen In ölkənin nüvə potensialını gücləndirmək üçün mövcud hərbi nəzəriyyədə epoxal və sürətli dəyişikliklərin edilməsinin vacib olduğunu bəyan edib. Kim Çen In bu fikirləri Choe Hyon adlı esminesə baş çəkərkən səsləndirib.

Teleqraf xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Gəmi üzərində inteqrasiya olunmuş silah sistemi idarəetməsinin sınaqları, heyətin hazırlığı və dənizçilərin gündəlik fəaliyyəti ilə tanış olan KXDR lideri, təhlükəsizlik mühitinin sürətlə dəyişdiyini vurğulayıb.

Onun sözlərinə görə, yaranmış regional və beynəlxalq təhlükəsizlik vəziyyəti Şimali Koreyanın hərbi doktrinasında əsaslı dəyişiklikləri zəruri edir.

Qeyd edək ki, Kim Çenin bu bəyanatı Cənubi Koreya və ABŞ-nin avqustun 18-də başladığı birgə illik hərbi təlimlərin fonunda səsləndirilib. Müttəfiqlər bu təlimlərdə müasir münaqişələr və təhdid ssenarilərini nəzərə alaraq döyüş hazırlığını təkmilləşdirməyi hədəfləyirlər.

Digər tərəfdən, Şimali Koreya liderinin bacısı Kim Yo Conq da regiondakı gərginliyə münasibət bildirib. O, Cənubi Koreya mediasını “xəyalpərəst yuxular” yaymaqda ittiham edərək, Rusiya Prezidenti Vladimir Putinin guya Kim Çenin mesajını ABŞ Prezidenti Donald Trampa çatdıracağı ilə bağlı yayılan xəbərləri təkzib edib.