BAKI, 22 aprel. TELEQRAF
Hindistanın nəzarətində olan Cammu və Kəşmir bölgəsində bir qrup silahlı şəxs turistlərə atəş açıb.
Teleqraf "The Indian Express"ə istinadən xəbər verir ki, hadisə nəticəsində 20 nəfər ölüb, 10 nəfər isə yaralanıb.
Yaralıların dərhal xəstəxanaya çatdırıldığı, onlardan azı 2 nəfərin vəziyyətinin kritik olduğu qeyd olunub.
Hücumun məsuliyyətini hələlik heç bir qrup üzərinə götürməyib.
Hindistanın Baş naziri Narendra Modi hadisə ilə əlaqədar “X” sosial şəbəkəsində paylaşım edib.
“Cammu və Kəşmirin Pahalqam bölgəsində baş vermiş terror hücumunu qətiyyətlə qınayıram. Həlak olanların yaxınlarına başsağlığı verir, yaralıların tezliklə sağalması üçün dua edirəm. Bu hücumun arxasında duranlar ədalət qarşısında cavab verəcəklər. Terrorla mübarizədə qətiyyətimiz sarsılmazdır və daha da güclənəcək”, - paylaşımda qeyd olunub.