​BAKI, 20 aprel. TELEQRAF

Cənubi Koreya ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi gömrük rüsumlarına etiraz etməyəcək.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin baş naziri və eyni zamanda prezident səlahiyyətlərini icra edən Han Dok Su "Financial Times"a açıqlamasında bildirib.

O qeyd edib ki, Cənubi Koreya 1950–1953-cü illərdə baş vermiş dağıdıcı Koreya müharibəsindən sonra ABŞ-dən ciddi yardım alıb:

“Amerika bizə yardım etdi, texnologiyalar ötürdü, investisiya qoydu və təhlükəsizliyimizi təmin etdi”, – deyə o vurğulayıb. Bu səbəbdən Seulun hazırkı Amerika siyasətinə qarşı çıxmadığını izah edib.

Han Dok Su əlavə edib ki, bu gün də ABŞ-nin Cənubi Koreya üçün bir çox sahədə rolu böyükdür. Buna görə də o, Donald Trampla gömrük rüsumları məsələsində hər iki tərəf üçün əlverişli şərtlərin müəyyən olunması məqsədilə danışıqlara başlamağa hazır olduğunu bildirib.

Qeyd edək ki, bundan əvvəl Cənubi Koreyada ABŞ ilə birgə keçirilən təlimlər zamanı Hərbi Hava Qüvvələrinin demək olar ki, bütün uçuşlarına qadağa qoyulmuşdu.