BAKI, 20 aprel. TELEQRAF
Cənubi Koreya Hərbi Hava Qüvvələri (HHQ) təhlükəsizlik səbəbilə demək olar ki, bütün uçuşları müvəqqəti olaraq dayandırıb.
Teleqraf xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Məlumata görə, bu qərar bir hücum təyyarəsinin uçuş zamanı pulemyot konteynerləri və boş yanacaq çənlərini itirməsindən sonra verilib.
HHQ nümayəndəsinin açıqlamasında deyilir:
“Hazırda yalnız kəşfiyyat əməliyyatlarında iştirak edən və döyüş növbəsində olan təyyarələrə uçuş icazəsi verilir”.
Agentliyin məlumatına əsasən, bu qərar ABŞ ilə birgə keçirilən “Azadlıq Bayrağı” adlı genişmiqyaslı hərbi təlimlərin dayandırılmasına səbəb olacaq. Təlimlərdə ABŞ və Cənubi Koreyadan ümumilikdə 1100 hərbçi və 90 təyyarə iştirak edir. Təlimlərin birgə yoxlamalardan sonra iki gün ərzində bərpa ediləcəyi gözlənilir.
Qeyd edək ki, daha əvvəl ABŞ və Cənubi Koreya Patriot zenit-raket sistemlərinin Yaxın Şərqə daşınması ilə bağlı razılığa gəliblər. Bu sistemlər daha öncə Cənubi Koreya ərazisində yerləşdirilmişdi.