
BAKI, 14 mart. TELERAF
Pekində İranın nüvə problemi ilə bağlı keçirilən Çin-Rusiya-İran görüşündən sonra tərəflərin birgə yaydıqları bəyanatda bütün birtərəfli sanksiyalara son qoymağa çağırış edilib. Görüşdə iştirak edən üç ölkənin xarici işlər nazirlərinin müavinləri sanksiyalardan, təzyiq taktikalarından və güc təhdidlərindən əl çəkməyə çağırıblar.
Teleqraf xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
Məqalədə qeyd olunur ki, çağırışın ünvanı ABŞ-dir:
“Rusiya, Çin və İrana qarşı müxtəlif sanksiyaları tətbiq edən Amerikadır. Rusiya, Çin və İran təmsilçiləri qarşılıqlı hörmətə əsaslanan siyasi-diplomatik dialoqun yeganə səmərəli həll yolu olduğunu vurğulayıblar.
Tərəflər məsləhətləşmələri və əməkdaşlığı da davam etdirmək barədə razılığa gəlib. Bu, o deməkdir ki, Moskva, Tehran və Pekin ABŞ ilə mübarizədə səylərini birləşdirməyə qərar verib. ABŞ Prezidenti Donald Tramp Rusiya-Çin ittifaqını zəiflətmək istəyərkən, qarşısında daha böyük ittifaq görmüş olur. Vaşinqtonun bu ölkələrin hər biri ilə problemləri var. Vaşinqton Moskvaya təzyiq edir ki, Ukrayna ilə atəşkəsə razılaşsın, Tehrana təzyiq edir ki, nüvə fəaliyyətləri və bölgədəki silahlı qruplara dəstəkdən əl çəksin, Pekinə təzyiq edir ki, idxal-ixrac əməliyyatlarını balanslaşdırsın, o cümlədən hərbi gücünü artırmaqla qonşu ölkələrə təhlükə yaratmasın”.
Mərkəzin ekspertləri hesab edirlər ki, Moskva atəşkəslə razılaşmaq istəmir, Tehran nüvə fəaliyyətlərindən əl çəkmir, Pekin isə iqtisadi gücünü hərbi gücünü artırmağa yönəldib:
“Təsadüfi deyil ki, Çinin bölgədə artan gücündən ABŞ və qonşu ölkələrlə yanaşı, Böyük Britaniya da narahat olmağa başlayıb. Britaniya xarici işlər naziri Devid Lemmi bildirib ki, London Çinin Cənubi Çin dənizindəki təhlükəli və sabitliyi pozan fəaliyyətindən narahatdır. Bu arada, ABŞ və Yaponiyadan sonra Britaniya da Filippinlə müdafiə və regional təhlükəsizlik sahəsini əhatə edən çərçivə sazişi imzalayıb”.