
BAKI, 27 fevral. TELEQRAF
Tailand bu ilin sonundan etibarən ölkəyə gələn xarici turistlərdən 300 baht (8,84 ABŞ dolları) vergi tutacaq.
Teleqraf Tailand mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin turizm və idman naziri Soravong Tienthonq məlumat verib.
O, sözügedən verginin hava yolu ilə ölkəyə gələn turistlərdən tutulacağını qeyd edib. Quru və ya su yolu ilə gələnlər də vergi ödəyəcəklər, lakin bir ödənişdən sonra onlar Tailanda mütəmadi daxil ola biləcəklər.
Nazir verginin xarici turistlərin sayına təsir etməyəcəyini söyləyib. Onun sözlərinə görə, vergidən əldə olunan gəlir turistlərin ölkədə qaldıqları müddətdə həyat və sağlamlıq sığortasına yönəldiləcək və bununla da onların istirahəti daha təhlükəsiz şəkildə təşkil ediləcək.