BAKI, 15 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp çoxsaylı təkliflərinə birini də əlavə edib. O, Rusiya və Çinə hərbi büdcələrini 50 faiz azaltmaq təklifi verib. Ağ Ev sahibi bununla bağlı beynəlxalq konfrans keçirməyə hazır olduğunu bildirib. Tramp bundan başqa, Moskva və Pekinə hərbi arsenallarını azaltmağı da təklif edib.

Teleqraf xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə bildirilir ki, Tramp Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpinin bu təklifini bəyəndiyini iddia edib:

“Halbuki Putin və Cinpin Trampın təklifini bəyəndiyinə dair açıqlama verməyib. Bu, indiki şərtlər altında mümkün də deyil. Əksinə, Rusiya və Çin hərbi büdcələrini ilbəil artırır. Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə görə hərbi xərclərini daha da artırıb, hərbi-sənaye kompleksinə yeni sifarişlər verib, Çin də Hind-Sakit okean bölgəsində hərbi gəmilərinin sayını artırıb. Putin və Cinpin yalnız o şərtlə Trampın təklifin qəbul edə bilər ki, ABŞ ilə yanaşı, onun müttəfiqləri də hərbi büdcələrini azaltsınlar.

Digər yandan ABŞ tərəfdaşları Hindistan, Avstraliya və Yaponiya ilə birgə QUAD təşkilatını gücləndirib. Bu təşkilat çərçivəsində 4 ölkə arasında hərbi əməkdaşlıq genişlənib, bölgədə birgə hərbi təlimlər keçirilir. Pekin QUAD-ı Çin üçün təhlükə kimi qiymətləndirir. Aydındır ki, Pekin Vaşinqtondan QUAD-ın buraxılmasını tələb etsə, Tramp Çinin bu istəyini yerinə yetirməyəcək. Məsələn, bir neçə gün əvvəl Çin qırıcıları Cənubi Çin dənizinin hava sahəsində Avstraliya təyyarəsinə yaxın məsafədə uçuşlar həyata keçirib. Avstraliya müdafiə naziri Riçard Marles bu vəziyyətdən narahatlığını bildirib. Çin Xarici İşlər Nazirliyi isə Avstraliya təyyarəsini Çinin hava məkanına “qəsdən müdaxilə” etməkdə və milli təhlükəsizliyinə “təhdid”də ittiham edib. Bu durumda Çinin hərbi büdcəsini azaldacağını gözləmək mümkün deyil”.

Məqalədə qeyd olunur ki, Tramp telefonla Putin və Cinpinlə ayrılıqda danışsa da, Moskva və Pekinin Ağ Ev sahibinə etibarı yoxdur:

“Təsadüfi deyil ki, Rusiya Senatının üzvü, Kremlə yaxınlığı ilə bilinən Aleksey Puşkov Trampın Moskva və Pekin arasındakı ittifaqı dağıtmağa çalışdığını deyib. Puşkov bunu ona görə söyləyib ki, Tramp Rusiyanı G8-ə qaytarmaq istəyir. Həqiqətən Tramp vaxtilə Rusiyanın G-8-dən çıxarılmasını “səhv qərar” adlandırmışdı.

Həmin qrupda Çin yoxdur. Buna görə də Puşkov hesab edir ki, Tramp Rusiyanı Çindən uzaqlaşdırmaq istəyir. Məntiq ondan ibarətdir ki, Rusiya-Çin ittifaqı həqiqətən ABŞ üçün təhlükə mənbəyidir. Vaşinqton bunlardan birini mümkün qədər öz tərəfinə çəkməyə çalışmalıdır. Tramp Rusiyanı seçib, onun rəqibi Çindir”.