BAKI, 8 fevral. TELEQRAF

Çin və Tailand Ümumdünya Ticarət Təşkilatı (ÜTT) və BRICS kimi çoxtərəfli forumlarda əməkdaşlığı gücləndirəcək.

Teleqraf xəbər verir ki, bu barədə Tailandın Baş naziri Fetonqtan Çinavatranın Çinə səfərinin yekunları üzrə dərc edilmiş birgə bəyanatda deyilir.

“Hər iki tərəf hesab edir ki, Çin və Tailandın ümumi maraqları, beynəlxalq məsələlər və ideyalar üzrə oxşar mövqeləri var. Buna görə də tərəflər qaydalara əsaslanan və açıq, şəffaf, inklüziv və ayrı-seçkiliyə yol verilməyən çoxtərəfli ticarət sistemini birgə qoruyacaqlar. Tərəflər Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı, BRICS və Asiya Əməkdaşlıq Dialoqu kimi çoxtərəfli formatlarda strateji əlaqələri gücləndirməyə davam edəcəklər”, - iki ölkə arasında hərtərəfli tərəfdaşlığın gücləndirilməsinə dair sənəddə vurğulanır.

Bəyanatda bildirilib ki, Pekin və Banqkok BMT-nin rəhbərlik etdiyi mövcud beynəlxalq sistemi qətiyyətlə dəstəkləmək, onun nizamnaməsinə uyğun olaraq diplomatiyanın fundamental normalarına riayət etmək, beynəlxalq həmrəyliyi və əməkdaşlığı təşviq etmək, ədalət, bərabərlik, sülh, inkişaf, demokratiya və bütün bəşəriyyət üçün azadlığa yönəlmiş ümumi dəyərləri birgə müdafiə etmək niyyətindədirlər.