İki il öncə ölkəmizdə kitab, qəzet, jurnal və onların istehsalı ilə bağlı kağız məhsullarının idxal və satışı Əlavə Dəyər Vergisindən (ƏDV) azad olundu.
İllər idi kitab istehsalçıları bu qərarı gözləyirdi, desək yanılmarıq. Oxucular da bu səbəbdən kitabların qiymətinin ucuzlaşacağına ümid edirdi. Amma arzular çin olmadı.
Görəsən kitabın ƏDV-dən azad olunması yerli bazara necə təsir edib? Kitabın idxalından ƏDV-nin götürülməsi yerli nəşriyyatların fəaliyyətinə xeyir veribmi? Kitab ƏDV-dən azad olunubsa, bəs niyə kitabın qiyməti ucuzlaşmayıb?
Teleqraf.com bu suallara cavabı yerli naşirlərlə tapmağa çalışıb.
“Rusiya, Türkiyə bazarı ilə ayaqlaşa bilmirik”
“Hədəf” nəşriyyatının rəhbəri Şəmil Sadıq bildirir ki, həm kağız, həm də kitab satışı və idxalından ƏDV-nin götürülməsi bu sahə ilə məşğul olan insanlara böyük motivasiyadır.

“Bu, dövlətin kitaba dəstək verməsinin ifadəsi idi. Qərarın təsir və nəticələrinə gəldikdə, onu deyə bilərəm ki, kitab bazarımız çox geniş deyil. Qərar gənc naşirlərin, yeni qurulmaqda olan nəşriyyatların işinə dəstək oldu, həvəsləndirdi, qismən kitabların daha ucuz başa gəlməsinə, satışındakı vergi xidmətlərinin aradan götürülməsinə birbaşa şərait yaratdı. Nəticədə iki-üç yeni nəşriyyat yarandı.
Amma ümumilikdə götürəndə qərara kitabın inkişafını şərtləndirən, onun daha çox yayılmasına şərait yaradan amil kimi yanaşa bilmərik. Haqlı və haqsız səbəblər var. Çünki 10 milyon əhalisi olan ölkədə ortalığa çıxarılacaq 30 nəşriyyatımız var, onun da yarıdan çoxu tədris resursları ilə məşğuldur, bədii, uşaq, elmi-kütləvi ədəbiyyat sahəsində istədiyimiz inkişafa nail ola bilməmişik. Deməli, Azərbaycanda nəşriyyatların, kitab evlərinin sayı yetərli deyil”
Nəşriyyat rəhbəri hesab edir ki, hələ də kitab işinin stimullaşdırılması üçün dövlətin dəstəyinə, səxavətinə ehtiyac var:
“Azərbaycan Naşirlər Forumunda səsləndirilən fikirləri sonradan Mədəniyyət Nazirliyinə də təklif olaraq göndərdik. Hələ ki Mədəniyyət Nazirliyindən ciddi addım görməmişik. Vədlər verilib, nəticə yoxdur.
Təəssüflər olsun ki, ƏDV-nin götürülməsi elan olunandan sonra dünya bazarında kağızın qiyməti qalxdı, ona görə də ucuzlaşmanı naşirlər tam hiss edə bilmədilər. Elə oxucular da… ƏDV götürülməsəydi qiymətlər daha da bahalaşa bilərdi. İndiki halda isə çap məhsulları nə ucuzlaşdı, nə də bahalaşdı. Qismən ucuzlaşma görə bilərik, bu da özünü xaricdən gələn kitablarda, yerli bazarda gözlə görməyəcək dərəcədə özünü büruzə verdi.
Birmənalı olaraq bilməliyik ki, Azərbaycan bazarı Rusiya, Türkiyə bazarı ilə ayaqlaşa bilmir. Bu ölkələrdən gətirilən kitab bizdə yerli çap məhsulları ilə müqayisədə ucuzdur. Səbəb Rusiya və Türkiyədə kitab tirajının böyük olmasıdır”.

“Mətbəələr bizə endirimli qiymətlər təklif etmir”
“Alatoran” nəşriyyatının rəhbəri Rasim Qaraca iki sualımıza cavab verməkdə çətinlik çəkdi:
“Bu sualları mətbəəsi olan nəşriyyat rəhbərlərinə ünvanlasanız, onlardan daha dolğun fikir ala bilərsiniz. Mənim bu barədə bilgim yoxdur. Onu deyə bilərəm ki, ƏDV götürülüb, amma son nəticədə kağızın qiyməti qalxıb. Kağızı ölkəyə gətirmək baha başa gəlirsə mənzərə dəyişmir, mətbəələr bizə endirimli qiymətlər təklif etmir, kitabların qiyməti də bahalaşır.
Mətbəələr əvvəllər bir kitabın çapını 2 manata edirdilərsə, indi 2 manat 50 qəpiyə edirlər. 3 manata olan kitablar 4 manata çap olunursa, biz də məcburuq üzərinə ona uyğun qiymət qoyaq. Bazarda kitabın ucuzlaşmasından söhbət gedə bilməz. Amma “Alatoran” nəşriyyatı olaraq çalışırıq ki, kitabları maksimum ən ucuz qiymətə təklif edək. Hətta davamlı olaraq bizdə endirim kampaniyaları da olur”.

“Bu, doğru addım deyildi”
“Kitabdan ƏDV-nin götürülməsi çox müsbət hal oldu”- deyən “Parlaq İmzalar” nəşriyyatının rəhbəri Nurman Tariq hesab edir ki, ƏDV ölkəmizdə kitabçılığın üstündə qara ləkə idi:
“Bu verginin aradan qalxması ilə kitabın da eyni miqdarda ucuzlaşmasını gözləmək olardı. Amma ƏDV götürülən ərəfədə təəssüf ki, dünya kağız bazarında ciddi bahalaşma baş verdi. Beləliklə, kitabın nəinki ucuzlaşması, hətta bahalaşması zərurəti yarandı. Hər bir halda, ƏDV ləğv olunmasaydı, kitab çapında vəziyyət daha gərgin olacaqdı.
Düşünürəm ki, ƏDV götürülərkən kitab idxalından da ƏDV-nin götürülməsi doğru addım olmadı. Hansısa sahədən verginin götürülməsi daxili bazarı stimullaşdırmaq üçün nəzərdə tutulur. Bu məsələdə isə əksinə, kitab idxalı daha da genişləndi. Bu hal yerli nəşriyyatlar və mətbəələr üçün ciddi problem olmaqla yanaşı, xarici dillərdə kitab alışının da artmasına gətirib çıxardı. Nəticədə ana dilimizdə mütaliə azalır və bu, dilimiz üçün bir təhlükədir”.

“Azərbaycanda kitab çox baha deyil”
ƏDV-nin ləğvini kitab siyasəti sahəsində mütərəqqi addım kimi qiymətləndirən “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu deyir ki, ƏDV götürüləndən sonra nəşriyyatların və kitabların sayı artdı:
“Bu sektorda canlanma, hərəkətlənmə baş verdi. ƏDV ümumilikdə kitab dövriyyəsindən götürülüb. ƏDV götürüləndən sonra dünya bazarında kağızın qiyməti qalxdı, əsas kağız ixrac edən ölkələr olan Rusiya ilə Ukrayna arasında müharibə başladı, istehsalçılar - Avropa şirkətləri Rusiyanı tərk etdilər və kağız bahalaşdı. Çindən kağız gətirmək baha başa gəlir və bütün bu səbəblərə görə kitabın qiyməti aşağı enmədi.
Mənə elə gəlir ki, Azərbaycanda kitab çox baha deyil. Amma nəzərə alanda ki, Azərbaycan insanının aylıq gəliri aşağıdır, yəni ortalama götürəndə bu, 150 dollar edir. Bunun müqabilində 5 dollar kitaba verməsi ona ağır görünə bilər. Yenə də hesab edirəm ki, inkişaf etmək istəyiriksə, kitab üçün büdcəmiz, kitab oxumaq üçün də vaxtımız olmalıdır".