Bu gün Azərbaycan Dövlət Film Fondunda Azərbaycanın Xalq artisti, kinorejissor Eldar Quliyevin vəfatının ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Teleqraf.com xəbər verir ki, Mədəniyyət Nazirliyinin rəsmiləri, Eldar Quliyevin ailə üzvləri, kino xadimləri iştirak edib.
Dövlət Film Fondunun direktoru Cəmil Quliyev Eldar Quliyevin yaradıcılığı barədə qısa məlumat verib, onun altı ay bundan öncə Fondda şəxsi arxiv fondunun yaradıldığını diqqətə çatdırıb: "Bu fondun yaradılmasında Pərviz Quliyev, Yura Varnovski, Rafael Qəmbərov, Aydın Kazımzadəyə və başqa dostlara təşəkkür edirəm. Onlar arxivlərindəki materialları bizdən əsirgəmədilər. Bu gün sərgidə həmin fotoşəkilləri görə bilərsiniz”.
Fond direktoru Eldar Quliyevin tədbirdə nümayiş olunacaq iki qısametrajlı filminə də diqqət çəkib: “Anım günündə Eldar Quliyevin hansı filmini təqdim edəcəyimizi çox düşündük. Onun yaradıcılığı çoxşaxəlidir, demək olar ki, tamaşaçılar əksər filmlərinə dəfələrlə baxıb. Filmlər mütamadi televiziya ekranlarında nümayiş olunur, həmçinin internetdə də yerləşdirilib. Eldar Quliyevin yaradıcılığında sevdiyi bir film var idi: kurs işi olan "Gözləmə vaxtı". Bir neçə il bundan öncə biz həmin filmi Moskvada şəxsi arxivdən gətirdik. Disk formasında Eldar müəllimə də hədiyyə etdik, çox sevindi. Deyirdi ki, sağalım hamı ilə birgə filmi izləyərik. Bu film 1965- ci ildə Pribaltikada çəkilib.
İkinci film “Biri var idi, biri yox” 1967 - ci ildə “Azərbaycanfilm” də ekranlaşdırılıb. Diplom işidir. Əvvəllər nümayiş olunsa da uzun illərdir göstərilmir. Çünki filmin texniki göstəriciləri yaxşı deyil. Biz filmi elektron bərpa etdik. Bu filmlər Eldar Quliyev yaradıcılığının bir hissəsidir və hamımız üçün əzizdir".
Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov Eldar Quliyevi hər zaman sevgi və hörmətlə andığını deyib: “Onun mənim həyatımda önəmi böyükdür. Mən “Debut” studiyasına rəhbər təyin olunanda Eldar müəllimlə tez-tez görüşüb, ondan məsləhətlər alırdım. Bir il bundan öncə mən onun şəxsiyyəti, yaradıcılığı haqda ətraflı yazı yazmaq istədim. Amma sonra fikrimi dəyişdim. O çox təvazökar insan idi. Və bilsəydi ki, onun haqqında yazı yazmaq istəyirəm, məni danlayardı. O heç zaman həmkarları haqda mənfi söz deməyib. Çünki özünə bunu yaraşdırmırdı. Çünki o Eldar Tofiq oğlu Quliyev idi”.
Eldar Quliyevin qızı İradə Quliyeva tədbirdə iştirak edən hər kəsə təşəkkür edib və bildirib ki, Eldar Quliyevin iki övladından başqa bir övladı da vardı: "Bu onun yaratdığı "Debut" studiyası idi. Biz qızları olaraq bu studiyanın çiçəkləməsini istəyirik".
Tədbirdə Azərpaşa Nemət, Vaqif Mustafayev, Oqtay Mirqasımov, Xamis Muradov, Rafael Qəmbərov, Ayaz Salayev, Aydın Kazımzadə çıxış edərək kinorejissorla bağlı xatirələrini bölüşüblər.
Çıxışlardan sonra Eldar Quliyevin “Gözləmə saatı” və “Biri vardı, biri yoxdu...” qısametrajlı filmləri nümayiş olunub.