Azərbaycanda yaşayan Türkiyənin dəyərli opera və vokal sənətçisi Oya Ərgün evində konsert proqramı ilə çıxış edib.

Teleqraf.com xəbər verir ki, Oya Ərgün ev konsertində qonaqlarına ifaları ilə xoş anlar yaşadıb:

"Avropa ölkələrində evdə konsert vermək adətdir. Mən də sənətsevərləri evimdə görməkdən məmnunam və gözəl zaman keçirəcəklərinə əminəm. Artıq evimdə hər ay konsert verməyi düşünürəm".

Qeyd edək ki, gecədə Toğrul Məmmədov skripka, Natəvan Həsənova isə kanon ifa edib.

Oya Ərgünü pianinoda Nərgiz Əliyeva müşayiət edib.

Xatırladaq ki, opera ifaçısı Hollandiya, Belçika, Almaniya, Fransa və İtaliyada konsert proqramı ilə çıxış edib. Dəfələrlə Azərbaycanda konsert verən Oya Ərgün bu dəfə isə noyabrda Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında kimsəsiz uşaqlara həsr edilən konsertlə tamaşaçılarının qarşısına çıxacaq.