Yeni ili qarşılamağımıza sayılı günlər qaldı. Bu günləri isə böyüklərdən daha çox uşaqlar bayram ab-havasında keçirirlər.
Teleqraf.com bayram günlərində sənət ocaqlarının balaca uşaqlara yönəlik Yeni il proqramları ilə maraqlanıb. Görək boxçada nələr var…
“Buzlar ölkəsində”n xilas olunan Qar qız
Akademik Milli Dram Teatrının kollektivi ənənəvi olaraq bu il də Yeni il şənlikləri və bayram tamaşası ilə azyaşlıları sevindirir. Dekabrın 24-də start verilən bayram tamaşası yanvarın 4-dək davam edəcək. Tamaşa saat 11:00, 13:00, 15:00 və 17:00-da gündə dörd seans olmaqla təqdim olunur.
“Buzlar ölkəsində” nağıl-tamaşası Anar Sadıqovun müəllifi olduğu nağıl əsasında hazırlanıb. Tamaşanın rejissoru gənc rejissor Əlif Cahangirlidir.
Səhnə əsərində əməkdar artistlər Mehriban Xanlarova, Əlvida Cəfərov, Şəlalə Şahvələdqızı, Sevinc Əliyeva, Rada Nəsibova və başqaları oynayırlar.
Tamaşa şahzadə Qar qızın xilas olunması üzərində qurulub və xeyrin şər üzərində qələbəsi ilə başa çatır.
“Yeni ili oğurlayan Qrinç”
Gənc Tamaşaçılar Teatrı məktəblilərin qış tətili günləri üçün yeni tamaşa təqdim edəcək. Teodor Syuz Qeyzelin “Yeni ili oğurlayan Qrinç” kitabının motivləri əsasında Ron Hovardın ekran həyatı verdiyi “Qrinç” bu dəfə gənc rejissor Elşad Rəhimzadənin quruluşunda hazırlanacaq.
Tamaşada Kalmıkiya Respublikasının əməkdar artisti İlham Əsədov, aktyorlar Günel Məmmədova, Zümrüd Quliyeva, Ramil Məmmədov, Ceyhun Məmmədov, Eşqin Quliyev, Elşən Hacıbabayev, Müşfiq Əliyev, Asya Atakişiyeva və başqaları iştirak edəcək.
Tamaşa dekabr ayının 29-dan 2017-ci ilin yanvar ayının 5-dək 12.00, 14.00, 16.00 və 18.00-da nümayiş etdiriləcək.
“Meşə çaqqalsız olmaz”
Musiqili Teatr Yeni il üçün məxsusi tamaşa hazırlamayıb. Amma təqdim olunan tamaşaların əvvəlində Şaxta baba və Qar qız səhnəyə çıxıb balacaları salamlayacaq. Yanvar ayının 1-dən 4-nə kimi teatrda Əli Səmədlinin “Meşə çaqqalsız olmaz” tamaşası saat 10.30, 12.30, 14.30, 16.30-da nümayiş olunacaq.
“Nağılı tap-5”
Rus Dram Teatrında dekabrın 29-dan yanvarın 4-dək “Nağılı tap-5” bayram tamaşası oynanılacaq. Bu tamaşa da gün ərzində iki seans saat 12-00 və 15-00-da nümayiş olunacaq.
“Yeni il nağılı”
Azərbaycan Dövlət Kukla Teatrı balacalara unudulmaz “Yeni il nağılı” vəd edir. Klassik və müasir yozumlu pyeslərdən seçmələrlə səhnə həlli verilən tamaşada balacalar dünya və milli nağıl qəhrəmanlarını bir arada görmək şansı qazanacaqlar. Bununla yanaşı onlar sevimli personajlarının oyununda ibrətamiz, eyni zamanda, komik hadisələri izləmək imkanı qazanacaqlar. Tamaşada uşaqlara paxıllıq, yalançılıq, oğurluq kimi mənfi xüsusiyyətlərə nifrət personajların düşdüyü komik situasiyalarla izah olunur. Bayram əhvallı tamaşanın əsas qəhrəmanları Şaxta baba, Qar qız və uşaqların sevimli dostu Dovşandır.
Teatrın rejissoru Anar Məmmədovdur.
Maraqlı dekorasiyası, nağılvari tərtibatı ilə seçilən tamaşanın quruluşçu rəssamı teatrın baş rəssamı İqbal Əliyevdir. Ritmik musiqilərlə müşayiət olunan xoreoqrafik elementlərlə zəngin tamaşada balacalar artıq onlara çoxdan tanış olan nağıl qəhrəmanlarını da (Küpəgirən, Qarğa, İfrit, Pirat və b.) izləmək imkanı qazanacaqlar.
Tamaşada əsas rolları teatrın aparıcı aktyorları Cəmilə Allahverdiyeva, Rəhilə İbadova və başqaları ifa edəcəklər.
Səhnə əsəri 30 dekabrdan 8 yanvaradək hər gün dörd seans (saat 12.00, 14.00, 16.00 və 18:00) olmaqla nümayiş olunacaq.
“Qar dənəcikləri”
Heydər Əliyev adına Sarayda bu gündən bayram şənliklərinə start verilib. Belə ki, bu gün uşaqlar üçün “Yeni il nağılı” tamaşası təqdim olunub. 2,3,4 yanvar tarixlərində “Qar dənəcikləri” adlı şənliklər keçiriləcək. Biletlərin qiyməti 5-15 manat təşkil edir.
“Hindistan fili və dostları” Bakıda
Dövlət Sirkində dekabrın 23-dən start verilən “Hindistan fili və dostları” adlı proqram yanvarın 10-dək davam edəcək. Bu yığma proqram üçün Bakı Dövlət Sirkinin tarixində ilk dəfə olaraq Macarıstandan sirk artistləri dəvət olunub.
Proqramda kenquru ilə boks, at rəqsləri, dəvəquşu və meymunlar attraksionu, hava gimnastları, qeyri-adi lazer, işıq effektləri, şən klounlar, Şaxta baba, Qar qız və daha nələr olacaq.
Proqram gün ərzində 3 seans olmaqla, saat 12:00, 15:00 və 19:00-da nümayiş olunacaq. Biletlərin qiyməti sırasından asılı olaraq 10, 12, 15 manat təşkil edir.
Nərmin Muradova