BAKI, 17 iyun. TELEQRAF

Vaşinqton Hörmüz boğazında neft tankerlərinin hərəkətini bərpa etmək üçün addımlar atmağı, o cümlədən ABŞ hərbi gəmilərinin nəzarəti altında pullu keçid rejiminin yaradılması imkanını nəzərdən keçirir.

Teleqraf xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadla məlumat yayıb.

Ağ Ev İranla davam edən danışıqlar fonunda gəmiçilik və sığorta şirkətlərini yenidən Hörmüz boğazından istifadə etməyə inandıra biləcək variantlara baxır. Müzakirə olunan təkliflərdən biri gəmilərə əlavə ödəniş müqabilində boğazdan sürətləndirilmiş keçidi nəzərdə tutan unikal “VIP keçidi” təqdim etməkdirş Bu, ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinin müşayiəti ilə həyata keçirilə bilər. Hələlik yekun qərar verilməyib.

ABŞ Prezidenti Donald Tramp bundan əvvəl Hörmüz boğazının yenidən gəmilər üçün açıq olduğunu açıqlasa da, bir çox gəmiçilik şirkətləri vəziyyətin yenidən gərginləşməsindən ehtiyat edərək hələ də ehtiyatlıdırlar. Böhrandan əvvəl qlobal neft tədarükünün təxminən 20 faizi bu boğazdan keçirdi.