BAKI, 16 iyun. TELEQRAF
“ABŞ İranın yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatını özü üçün götürmək əvəzinə, onu utilizasiya (və ya məhv) etmək istəyir”.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
Amerika lideri Vaşinqtonun peyk vasitəsilə 2025-ci ildə ABŞ ordusu tərəfindən bombalanan zənginləşdirilmiş uranın yerləşdiyi üç nüvə obyektini yaxından izlədiyini təsdiqləyib. Tramp ABŞ-nin bu resursları uyğun vaxtda və qətiyyən tələsmədən götürəcəyini bildirib: “Bunu peyk kameraları ilə izləyirik və ora gedən hər kəsi tanıyırıq”.
Prezident vurğulayıb ki, bütün dağ yeraltı nüvə obyektlərinin içərisinə çöküb: “Onu çıxarmaq prosesi çox mürəkkəbdir. Bizdən və yəqin Çindən başqa heç kim bunu edə bilməz. Tələsmirik, amma onu çıxaracağıq. Çıxardıqdan sonra utilizasiya edəcəyik. Onu özümüz üçün götürməyə çalışmırıq, utilizasiya etmək istəyirik. Bizdə kifayət qədər var”.