BAKI, 3 fevral. TELEQRAF

“Nəhayət, Vaşinqtonla Dehli arasında razılaşma əldə olundu. Bu razılaşma ticarət və enerji sahələrini əhatə edir. Razılaşmaya əsasən, ABŞ qarşılıqlı rüsumları 25 faizdən 18 faizə endirəcək”.

Teleqraf xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert bildirib ki, ABŞ Prezidenti Donald Tramp Hindistan Baş naziri Narendra Modi ilə telefonla ticarət razılaşmasıyla yanaşı, Rusiya-Ukrayna müharibəsi barədə də fikir mübadiləsi aparıb:

“Bu mövzu Tramp üçün ona görə vacibdir ki, Ağ Ev sahibi Hindistanın Rusiyadan ucuz neft almasını istəmir. Trampın sözlərinə görə, Hindistan bundan sonra Rusiyadan neft almayacaq, daha çox ABŞ və mümkün variant kimi Venesueladan alacaq. Hindistan bu vədini yerinə yetirsə, bu, Rusiyanın problemlərini daha da artıracaq. ABŞ Prezidentinin sözlərinə görə, Dehlinin Rusiyadan neft almama qərarı hər həftə minlərlə insanın öldüyü Ukraynada müharibənin başa çatmasına kömək edəcək.

Tramp həmçinin bildirib ki, Modi ilə razılaşmaya əsasən, tərəflər gələcəkdə ABŞ-yə qarşı tətbiq olunan tarif və qeyri-tarif maneələrinin sıfıra endirilməsi istiqamətində də addımlar atacaqlar. Tramp Dehlinin Vaşinqtonun daha bir istəyini yerinə yetirə yetirdiyini deyib. Onun sözlərinə görə, Hindistan ABŞ-dən energetika, texnologiya, kənd təsərrüfatı məhsulları, kömür və digər mallar da daxil olmaqla, ümumilikdə 500 milyard dollardan artıq həcmdə alış etməyi öhdəsinə götürüb”.

Elxan Şahinoğlu vurğulayıb ki, Vaşinqtonla Dehli arasında ticarət mövzusunda danışıqlar Tramp prezident seçildiyi dönəmdən davam edib:

“Dehli Vaşinqtondan əvvəl Brüsellə ticarət razılaşması əldə edib. Beləliklə, Hindistan iqtisadiyyatını inkişaf etdirmək, ixracı artırmaq məqsədilə Çindən geri qalmamağa çalışır.

Hindistan hökumətinin 2026-2027-ci illər üçün büdcədədə hərbi xərcləri 85,5 milyard dollar nəzərdə tutması da diqqətdən yayınmır. Hindistan bu xərclər çərçivəsində hərbi texnika istehsalı və sərhədlərin qorunmasına daha çox diqqət ayırmağı planlaşdırır. Görünür, Hindistan hərbi xərcləri artırmaq qərarı qonşusu Çinin artan hərbi gücü ilə əlaqəlidir. Hindistan bu çərçivədə həm özünün hərbi-sənaye kompleksini genişləndirmək, həm də ABŞ və Avropa ölkələrindən hərbi texnika alışını genişləndirməyi planlaşdırır. Vaşinqtonla Dehli arasında əldə olunan ticarət razılaşması iki ölkə arasında hərbi-texniki əməkdaşlığa da təkan verə bilər”.