BAKI, 8 avqust. TELEQRAF

“Ənsarallah” Hərəkatının (husilər) Səudiyyə Ərəbistanı ilə qarşıdurmanı daha da kəskinləşdirmək üçün İrandan göstəriş almasına ehtiyacı yoxdur”.

Teleqraf xəbər verir ki, bunu “Ənsarallah”ın Siyasi Bürosunun üzvü Nəsrəddin Amir CNN-ə deyib.

Amir husilərin hərbi əməliyyatları dayandırmasını hərəkatın nəzarətində olan ərazilərə qarşı tətbiq edilən blokadanın ləğvi ilə şərtləndirib:

“Təkcə bu səbəblər bizi indiyədək etdiyimizdən daha qətiyyətli davranmağımıza məcbur etmək üçün kifayətdir. Bizim başqa heç bir gündəmə ehtiyacımız yoxdur”.

Səudiyyə Ərəbistanını husilərin nəzarətində olan ərazilərə qarşı iqtisadi və hava blokadası tətbiq etməkdə ittiham edən Amir vurğulayıb ki, bu tədbirlər Ər-Riyad qüvvələrinə qarşı hərbi əməliyyatların aparılmasını əsaslandırmaq üçün kifayətdir.

“Ənsarallah” nümayəndəsi həmçinin husilərin Səudiyyə Ərəbistanı qüvvələrinə qarşı son hücumlarının qabaqlayıcı xarakter daşıdığını iddia edib: “Səudiyyə Ərəbistanı husilərin nəzarətində olan ərazilərə qurudan hücum etməyə hazırlaşırdı”.