BAKI, 9 mart. TELEQRAF

İranın Manama və Dohaya hava hücumu barədə məlumat yayılıb.

Qətər Müdafiə Nazirliyi İrandan atılan raketlərin zərərsizləşdirildiyini açıqlayıb.

***

16:26

Qətər KİV-in məlumatına görə, İraqda İran tərəfindən dəstəklənən “Həşd əş-Şaabi” hərəkatının Nineva əyalətindəki mövqelərinə zərbələr endirilib.

Hərəkatın Mosul şəhərindən təxminən 15-20 km şərqdə yerləşən qərargahı atəşə tutulub.

***

16:25

İran İslam İnqilabı Keşikçiləri Korpusu Küveytdəki ABŞ helikopter bazasına zərbə endirib.

Teleqraf xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidməti məlumat yayıb.

Söhbət Əl-Udeyr bazasından gedir.

Həmçinin BƏƏ Müdafiə Nazirliyinin məlumatına görə, martın 9-da ölkənin hava hücumundan müdafiə sistemləri İran ərazisindən 15 ballistik raket və 18 dron atışı aşkar ediblər.

***

14:57

İran ordusunun açıqlamasına görə, ABŞ-nin İsrail və Küveytdəki hərbi obyektlərinə PUA-larla zərbələr endirib.

Hücum zamanı ABŞ-nin İsraildəki 512-ci bazasındakı radar stansiyası, Küveytdəki Əl-Adiri düşərgəsindəki Amerika toplama mərkəzləri və avadanlıq anbarlarınının hədəfə alındığı bildirilib.

***

14:17

İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti bildirib ki, İsrail ordusunun bölmələri Livanın cənubunda “Hizbullah” terror təşkilatına qarşı məhdud, hədəfə yönəlmiş quru əməliyyatına başlayıb.

“İsrail Müdafiə Qüvvələrinin bölmələri Livanın cənubunda terrorçuları aşkarlamaq və məhv etmək, həmçinin “Hizbullah”ın hərbi obyektlərini sıradan çıxarmaq məqsədilə məqsədyönlü və məhdud əməliyyata başlayıb”, - açıqlamada qeyd olunub.

İsrail ordusunun sözçüsü Nadav Şoşani jurnalistlərə izah edib ki, bu, genişmiqyaslı quru əməliyyatı və ya onun başlanğıcı deyil.

Şoşaninin sözlərinə görə, söhbət məhdud reyddən gedir, bu, “əraziyə daxil olmaq, problemi aradan qaldırmaq və geri çəkilmək” anlamına gəlir.

***

12:33

İsrail Hərbi Qüvvələri İrandan atılan raketləri zərərsizləşdirib.

IRIB-in məlumatına görə, İran yeni raket hücumları seriyası həyata keçirib.

Hədəflər və ya atılan sursatların miqdarı barədə heç bir məlumat verilmir.

***

12:17

İsrail Hərbi Hava Qüvvələri Livanın paytaxtı Beyruta zərbələr endirib.

***

11:51

BƏƏ-nin Əbu-Dabi şəhərində İran məxsus PUA-lar Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən məhv edilib.

Hadisə nəticəsində iki nəfərin yaralandığı bildirilib.

***

10:26

İranın İsrailin şimal bölgələrinə atdığı raketlər Hərbi Hava Qüvvələri tərəfindən zərərsizləşdirilib.

***

10:25

Bəhreynin paytaxtı Manamanın Əl-Mamir rayonundakı obyektdə İranın zərbəsi nəticəsində yanğın baş verib.

Teleqraf xəbər verir ki, bu barədə BNA agentliyi məlumat yayıb.

Bildirilib ki, binaya maddi ziyan dəyib, amma itki olmayıb.

Məlumata görə, İranın hava hücumundan sonra Bəhreynin neft-qaz şirkəti “Bapco Energies” fors-major vəziyyət elan edib. Qərar şirkətin neft emalı zavoduna PUA zərbəsindən sonra verilib.

***

10:23

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hava hücumundan müdafiə sistemləri İrandan raket və PUA hücumlarını dəf edib.

Teleqraf xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik belə hücumlara qarşı tədbirlərin davamlı olduğunu bildirib.