BAKI, 13 avqust. TELEQRAF

ABŞ ilə danışıqlar və İsraillə 12 günlük müharibədən sonra hərbi hücumlara necə cavab veriləcəyi ilə bağlı İran Prezidenti Məsud Pezeşkianın mövqeyini dəyişməsi mühafizəkarların kəskin reaksiyası ilə qarşılanıb. Ölkənin siyasi liderinin tənqidçiləri bu mövqeləri “zəiflik və passivlik” və “milli təhlükəsizliyə zidd” adlandırıblar.

Teleqraf xəbər verir ki, bu barədə “Iran International” məlumat yayıb.

Ölkənin ali rəhbəri Əli Xameneiyə bağlı “Keyhan” qəzetinin baş redaktoru Hüseyn Şəriətmədari bildirib: “Cənab Prezident, bu ikiqütblülük doğru deyil. Amerika ilə danışıqları davam etdirməyin təslim olmaqdan başqa bir mənası yoxdur”.

Şəriətmadəri ölkədə bəzi rəsmilərin bu dilemmanı “ya danışıqlar aparmalı, ya da müharibəyə hazır olmalıyıq” kimi təqdim etdiklərinə diqqət çəkərək, bu yanaşmanın “müqavimət variantını tamamilə aradan qaldırdığını” söyləyib. O, Pezeşkianın son açıqlamalarının “bu fikri əks etdirdiyini” iddia edib.

Pezeşkian avqustun 8-də jurnalistlərə açıqlamasında söyləmişdi: “Döyüşmək istəyirsən? Yaxşı, (Amerika) gəlib vurdu. Yenə düzəldək, yenə gəlib, yenə vuracaq. Bu məsələləri emosional şəkildə həll etmək olmaz. Danışıqlara getmək təslim olmaq demək deyil”.

İslam Şurası Məclisindəki Tehran nümayəndəsi Həmid Rəsayi Pezeşkianın mart və avqust aylarındakı açıqlamalarını müqayisə edərək qeyd edib ki, bu mövqelər İranı düşmənə zəif göstərir və onu yenidən hücuma sövq edə bilər.

Avqustun 2-də Pezeşkian İranın heç vaxt nüvə silahı yaratmaq niyyətində olmadığını bəyan edərək, başqa bir fikir də səsləndirib: “İranın nüvə proqramı hələ bitməyib və bu anlayış illüziyadır, çünki bu proqram təkcə nüvə obyektlərində deyil, həm də alimlərin beynindədir”.

Mühafizəkarların “Vətən Emrooz” qəzeti Pezeşkianın dəyişən mövqeyini “düşünülməmiş və avtoqol” adlandıraraq, onun amerikalı həmkarı Donald Trampın təhdidini təkrarladığını və bunun geri çəkilmək kimi qəbul edildiyini yazıb.

İnqilab Keşikçiləri Korpusuna (SEPAH) bağlı “Cavan” qəzeti də onun Xamenei ilə koordinasiyaya önəm vermədiyini iddia edərək, bu yanaşmanı “qəbuledilməz” adlandırıb.