BAKI, 26 may. TELEQRAF
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) bəzi üzvləri partiya sıralarından çıxarılacaq.
Teleqraf xəbər verir ki, bunu CHP sədri Kamal Kılıçdaroğlu deyib.
“Cümhuriyyət Xalq Partiyası bütün çətinlikləri aşacaq gücə və tarixi təcrübəyə malikdir. Mübahisə yaradan, parçalanmanın tərəfdarı olanların bu müqəddəs çətir altında yeri yoxdur. Hakimiyyətə yürüşümüz başlayıb. Təmizlənəcəyik, qazanacağıq”, - o bildirib.
Xatırladaq ki, məhkəmə mayın 21-də CHP-nin 38-ci qurultayının nəticələrini etibarsız sayaraq ləğv edib. Məhkəmənin müvafiq qərarı ilə CHP-nin keçmiş sədri Kamal Kılıçdaroğlu müvəqqəti olaraq yenidən vəzifəyə qaytarılıb.
Özgür Özəlin sədr seçildiyi qurultayın nəticələrinin ləğvindən sonra Kamal Kılıçdaroğlu ilə yanaşı, onun komandasının üzvləri də yenidən vəzifələrində bərpa edilib.
Məhkəmənin qərarına görə, 2023-cü il noyabrın 6-da baş tutan qurultay partiyadaxili demokratiya, bərabərlik və azad iradə prinsiplərinə zidd şəkildə keçirilib, bu səbəbdən səsvermə mütləq etibarsızlıq əsası ilə qüsurlu hesab olunub.