BAKI, 30 may. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmi istifadəçilərinin müvafiq təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirib.
Teleqraf xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Bildirilib ki, “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda keçirilən növbəti belə tədbirlər Bakı şəhəri, Qaradağ rayonunun Ələt qəsəbəsində, Xaçmaz rayonunun Niyazoba kəndində, Lənkəran rayonunun Nərimanabad qəsəbəsində, Mingəçevir şəhərinin Kür çayının sahilinə düşən hissəsində və Neftçala rayonunun Bankə qəsəbəsində təşkil edilib.
"Tədbirlərdə kiçikhəcmli gəmi istifadəçilərinə bu tip gəmilərin təchizat avadanlıqları barədə məlumat verilib. Həmçinin, kiçikhəcmli gəmilərə texniki nəzarətin mövcud tələblərinə dair normalar izah olunub, sözügedən su nəqliyyatı vasitələrinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada texniki baxışdan keçirilməsinin və sürücülük hüququ üçün müvafiq vəsiqələrin alınmasının vacibliyi diqqətə çatdırılıb. Eyni zamanda, kiçikhəcmli gəmi sürücüləri kollektiv və fərdi xilasedici vasitələrdən, naviqasiya avadanlıqlarından istifadə qaydaları ilə bağlı da maarifləndirilib.
Sonda gəmi istifadəçilərinə kiçikhəcmli gəmilərin təchizat avadanlıqları və təhlükəsiz istismar qaydaları haqqında maarifləndirici broşürlər paylanılıb", - məlumatda qeyd olunub.