BAKI, 6 mart. TELEQRAF

İran Rusiya Prezidenti Vladimir Putinin amerikalı həmkarı Donald Trampla birbaşa danışıqlara başlamaq xahişini nəzərdən keçirir.

Teleqraf xəbər verir ki, bu barədə Britaniyanın “Telegraph” qəzeti İran mənbələrinə istinadla məlumat yayıb.

İranın yüksək rütbəli rəsmisi nəşrə deyib ki, Rusiya iki əzəli düşmən arasında birbaşa danışıqları asanlaşdırmaq üçün İran Ali Milli Təhlükəsizlik Şurası ilə əlaqə saxlayıb. Rusiya həmçinin Tehranın nüvə proqramı və Yaxın Şərqdəki proksi qüvvələrə dəstəyi kimi məsələlərdə Tramp və Vaşinqton arasında danışıqların asanlaşdırılmasına kömək etməyə razı olduğunu təsdiqləyib.

“Telegraph”ın yazdığına görə, keçən həftə Ağ Evdə Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında mübahisədən sonra İran rəsmiləri bu təklifi qəbul etmək istəmirlər.

Britaniya qəzetinə danışan İran rəsmisi deyib:

“Kreml İran Ali Milli Təhlükəsizlik Şurası ilə əlaqə saxlayaraq bildirib ki, Putin vasitəçilik etmək istəyir, İran və ABŞ arasında birbaşa danışıqları asanlaşdırmağa hazırdır. Trampın müharibədənsə danışıqlara üstünlük verdiyi deyilir, amma Ağ Evdə baş verənlərdən (Tramp-Zelenski mübahisəsindən) sonra bununla bağlı böyük qeyri-müəyyənlik yaranıb”.

Nəşr qeyd edir ki, Tehrana görə təklifdən imtina müharibəyə, onu qəbul etmək isə alçaldılmaya aparan yol ola bilər.

“Yenə də heç kim Putindən gələn hər hansı təklifi rədd etmək istəmir”, - mənbə əlavə edir.

Dünən İran hökumətinin rəsmi nümayəndəsi Fatimə Mohacerani ABŞ ilə danışıqlara hazır olmadıqlarını açıqlamışdı:

“ABŞ-nin maksimum təzyiq siyasəti İran üçün problemlər yaradır, amma İran xalqı Vaşinqtonda danışıqlar zamanı Ukraynanın yaşadığı rüsvayçılığın şahidi olmağa hazır deyil”.