BAKI, 26 fevral. TELEQRAF
2014-cü ildə İsmayıllı rayonunda 81 yaşlı Rəbiyyə Talıbovanı qətlə yetirməkdə təqsirli bilinərək 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilən Elbrus Cəbiyev həbsxanada özünə xəsarət yetirdiyinə görə yenidən cinayət məsuliyyətinə cəlb olunub.
Teleqraf xəbər verir ki, E.Cəbiyev cəza çəkdiyi Penitensiar Xidmət müəssisəsində intizam qaydaları ilə qadağan edilən, kustar üsulla hazırlanmış deşici aləti - mismarı özündə saxlayıb və ondan istifadə edib. O, 2025-ci ildə saxlanıldığı kameranın sanitar qovşağında həmin alətlə qarın nahiyəsinə xəsarət yetirib. Daha sonra mühafizə və müəssisə əməkdaşlarının müşayiəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkimlər tərəfindən qarın boşluğuna yeritdiyi əşya cərrahi yolla çıxarılıb.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, anasının sovqatı arasında narkotik vasitə aşkar edilməsi ilə bağlı başlanan araşdırmaların qeyri-obyektiv aparıldığını düşündüyü üçün uzun müddət stress keçirib və bu səbəbdən özünə xəsarət yetirib. O, mismarı kamerada tapdığını, itilədiyini və qaydaların bunu qadağan etdiyini bildiyini etiraf edib.
Şəki Rayon Məhkəməsinin hökmü ilə Elbrus Cəbiyev Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək 4 ay müddətinə azadlıqdan məhrum edilib. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən əvvəlki hökm üzrə çəkilməmiş qalan cəzanın bir hissəsi bu cəza ilə qismən birləşdirilib və onun üzərində qəti olaraq 6 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
Qeyd edək ki, E.Cəbiyev daha əvvəl kirayə qaldığı evin həyətində keçmiş qonşusu Rəbiyyə Talıbovanı küt alətlə qətlə yetirib, meyiti gizlədib, sonra isə yol kənarına atmışdı.