BAKI, 19 fevral. TELEQRAF
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Xəzər rayon idarəsinin rəisi Ramin Şükürovun barəsində çıxarılan hökmdən verilən şikayətə baxılıb.
Teleqraf-ın xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara görə, Ramin Şükürovun barəsində bəraət hökmünün çıxarılması barədə verilən şikayət təmin edilməyib.
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Ramin Şükürova 4 il sınaq müddəti olmaqla 10 il, Xalid Əzizova 2 il 6 ay sınaq müddəti olmaqla 9 il, Emin Nəbiyev isə 3 il sınaq müddəti olmaqla 9 il şərti cəza alıblar.
Əlavə cəza olaraq təqsirləndirilən şəxslərin hər biri 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum ediliblər.
İttihama görə, Ramin Şükürovun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin rəisi vəzifəsində işləyərkən Xalid Əzimov və Emil Nəbiyevlə cinayət əlaqəsinə girib.
Onlar çağırışçıların dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə qismən yararlı hesab edilmələri barədə hərbi biletin verilməsi və hərbi qeydiyyata alınma prosesinin sürətləndirilməsi müqabilində ayrı-ayrı şəxslərdən külli miqdarda pul vəsaitini təkrarən rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, Ramin Şükürovun öz qulluq mövqeyindən istifadə etməklə qeyd olunan Xidmətin Nərimanov rayon idarəsində hərbi qeydiyyatda olan vətəndaş Natiq Soltanovun dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə qismən yararlı hesab edilməsinə kömək olunması ilə bağlı ondan 30 min manat pul alıb. Eyni əməllərlə çağırışçılar - Anar Rzayevdən 6 min, Əhməd Əhmədovdan 22 min, Orxan Baxşıyevdın 2 min, Fuad Rüstəmovdan 4 min manat rüşvət alınıb.
Toplanmış sübutlar əsasında Ramin Şükürova Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) maddələri ilə ittiham elan edilib.
Emil Nəbiyev və Xalid Əzimova isə Cinayət Məcəllənin 311.3.1 və 311.3.2-ci maddələri ilə ittiham elan olunub. İstintaq dövründə Ramin Şükürovun barəsində həbs, Emil Nəbiyev və Xalid Əzimovun barəsində ev dustaqlığı növündə qətimkan tədbiri seçilib.
Ötən il sentyabrın 1-də Bakı Hərbi Məhkəməsi tərəfindən Ramin Şükürov ev dustaqlığına buraxılıb.