BAKI, 16 fevral. TELEQRAF

Rusiyanın Kamenks-Uralski şəhərində 32 il əvvəl baş vermiş dəhşətli cinayət hadisəsi ilə bağlı məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, Kamensk-Uralsk Krasnoqorsk Rayon Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror məhkəmədən Viktor Petriçenkonun 14 il 11 ay azadlıqdan məhrum edilməsini təklif edib.

Təqsirləndirilən şəxs məhkəmədə günahını boynuna alıb.

Dövlət ittihamçısı həmçinin məhkəmədən həlak olan ailənin qohumunun xeyrinə 10 milyon rubl (təxminən 220 min 920 manat) məbləğində mənəvi zərərin ödənilməsi tələbini də qoyub.

Qeyd edək ki, 1992-ci il dekabrın 31-də Kamenks-Uralski şəhərinin Rabocaya küçəsində yerləşən mənzildə iki uşaq da daxil olmaqla yeddi nəfər amansızlıqla qətlə yetirilib.

Cinayətdə təqsirləndirilən Viktor Petriçenko hadisədən 32 il sonra - 2025-ci ildə saxlanılıb.

İstintaq materiallarına görə, təqsirləndirilən şəxs 1992-ci il dekabrın 31-də Yekaterinburg şəhərindəki "Sverdlovsk-Passajirski" vağzalında naməlum şəxslərlə tanış olub. Bu şəxslər Perm diyarından olan Gilyovlar ailəsi və ailənin qohumu Verzakov idi. Onlar yeni ili qeyd etmək üçün Kamensk-Uralskidə yaşayan İvanovlar ailəsinin yanına gedirmişlər.

Təzə tanışların etimadını qazanan V.Petriçenko onlarla spirtli içki qəbul edib. Daha sonra yeni ili birlikdə keçirmək üçün Kamensk-Uralskiyə yollanıblar. Viktor özüylə çəkic də götürüb.

İttihama əsasən, bayram tədbiri zamanı o, arağa yuxu dərmanı qataraq evdə olan böyüklərə verib. Yuxuya getdiklərinə əmin olduqdan sonra beş nəfərin baş nahiyəsinə çəkiclə çoxsaylı zərbələr endirib. Daha sonra uşaqları növbə ilə mətbəxə çağıraraq onları da eyni üsulla qətlə yetirib. Yeddi nəfər aldıqları xəsarətlər nəticəsində hadisə yerindəcə dünyasını dəyişib.

Hadisədən sonra təqsirləndirilən şəxs 86 min rubl (təxminən 1,913 manat) dəyərində əmlakı ələ keçirərək qaçıb.

İstintaq orqanları onu 31 ildən sonra siqaret kötüklərində qalmış bioloji izlər əsasında müəyyənləşdirib. Bundan əlavə, onun barmaq izləri araq şüşəsində və mebel siyirməsində də aşkarlanıb.

V.Petriçenko Amur vilayəti ərazisində, Sverdlovskdan gəlmiş əməliyyatçılar tərəfindən, xüsusi təyinatlı dəstənin köməyi ilə saxlanılıb. Həmin vaxt o, həyat yoldaşı və oğlu ilə birlikdə fərdi evdə yaşayırmış.