BAKI, 7 noyabr. TELEQRAF

Rusiyanın Sankt-Peterburq şəhərində varlı kişiləri barlarda aldadaraq yüzminlərlə rubl itirməyə vadar edən dələduzluq şəbəkəsi ifşa edilib.

Teleqraf Rusiya KİV-lərə istinadən xəbər verir ki, şəhərin məşhur Rubinşteyn küçəsində fəaliyyət göstərən bu barlarda "model" kimi tanıdılan qadınlar əslində müştəriləri bahalı içkilər sifariş etməyə sövq edən "işçilər" imiş.

Burada sistem çox sadə işləyib. Gözəl geyimli qızlar varlı kişilərlə tanış olur, söhbət etməyə çalışır. Onlar birlikdə içki sifariş edir və əyləncəli atmosfer yaradırlar. Barmenlərin köməyi ilə içkiləri qarışdıraraq müştəriləri sərxoş edirlər. Ödəniş zamanı menyuda müştərinin əslində sifariş vermədiyi məhsullar da görünür. Nəticədə hesab 300 min rubla (təxminən 6200 manat) çatır. Bəzi hallarda isə qızlar müştərilərin çantalarından pul oğurlayır və ya onların bank tətbiqlərinə daxil olaraq özlərinə pul köçürürlər.

Bu sxemin arxasında 24 yaşlı Nikolay Abrosimov və 25 yaşlı Dmitri Kutsenko dayanıb. Onlar 2021-ci ildə "Bar Group" adlı şirkət yaradıblar. Pandemiya dövründə bağlanmaq üzrə olan barları icarəyə götürüb, küçəsinin hər küncünə sahib çıxıblar.

Onların barları çox vaxt səs-küylü gecələr, lisenziyasız içkilər və qayda pozuntuları ilə yadda qalırdı. 2022-ci ildə polis reydləri zamanı "Bar Group"un zirzəmisində qanunsuz istehsal edilmiş içkilər aşkarlanıb.

İstintaq nəticəsində 23 nəfər məsuliyyətə cəlb olunub.

N.Abrosimov və D.Kutsenko 6 il müddətinə azadlıqdan məhrum edilib. Onlar həmçinin 2 il ərzində ictimai iaşə sahəsində işləmək hüququndan məhrum ediliblər. Sistemin digər iştirakçıları 2–5 il arası şərti cəza alıblar.

Zərərçəkmişlərə dəymiş ümumi zərər 14 milyon rubl (265.985 manat) olub. Məhkəmə qərarına əsasən, onlardan 9,8 milyon rubl (9205.484 manat) kompensasiya tutulub.