BAKI, 27 avqust. TELEQRAF

Avqustun 22-də Ukrayna hüquq-mühafizə orqanları İzmail şəhərində və ümumilikdə Bessarabiyada kriminal kuratorlarından biri hesab edilən Fərahim Talışxanovu saxlayıb.

Teleqraf xəbər verir ki, əməliyyat Ukrayna Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları, eləcə də “KORD” xüsusi təyinatlılarının iştirakı ilə həyata keçirilib.

İstintaqın məlumatına görə, F.Talışxanov 2023-cü ildə İzmail şəhərinin əvvəlki "nəzarətçisi" Yevgeni Uluzovun ölkədən qaçmasından sonra onun yerini tutaraq, yerli cinayətkar qruplara nəzarəti ələ alıb və "obşak"ı idarə etməyə başlayıb.

Eyni zamanda o, üç nəfərlə birlikdə gizli kazino təşkil edərək qanunsuz qumar biznesindən gəlir əldə edib.

Fərahim Talışxanova qarşı Ukrayna Cinayət Məcəlləsinin 255-1 (cinayət təsiri yaymaq) və 203-2 (qanunsuz qumar fəaliyyəti) maddələri üzrə ittiham irəli sürülüb.

Onun barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar zamanı F.Talışxanovun kimliyi və fəaliyyəti onun Odessadakı nüfuzlu kriminal fiqurlar, o cümlədən böyük qardaşı – "Tahir" ləqəbli Mir-Tahır Talışxanov və Cavid İsmayılov kimi şəxslərlə əlaqələri fonunda da diqqət çəkib.

Odessa vilayətində güclü etnik cinayətkar qrupun 43 yaşlı lideri "Cavid" ləqəbli Cavid İsmayılovun yaxın çevrəsindən olan şəxs hesab olunurdu.

Hazırda bu iş üzrə istintaq tədbirləri davam edir, F.Talışxanovun cinayət əlaqələrinin miqyası və digər şəbəkə üzvləri araşdırılır.