FÜZULİ, 30 iyul. TELEQRAF

Füzuli Rayon Mərkəzi Xəstəxanasının əməkdaşının döyülməsinin bəzi təfərrüatı məlum olub.

Teleqraf-ın yerli bürosunun əldə etdiyi xəbərə görə, hadisə rayonun Alıxanlı kəndində "Şıxəli" adlanan bulaqdan su doldurarkən baş verib.

Rayon sakini Ceyhun Mehdiyev ailəsi ilə birlikdə su doldurarkən orada olan rayon sakinləri ilə aralarında mübahisə yaranıb.

Mübahisə zamanı tərəflər əlbəyaxa dava edib. Baş vermiş dava zamanı Ceyhun Mehdiyev, 1962-ci il təvəllüdlü Alıyev Kazım Əkbər oğlu və onun qardaşları- 1979-cu il təvəllüdlü Alıyev Yalçın Əkbər oğlu, 1966-cı il təvəllüdlü Alıyev Ələsgər Əkbər oğlu müxtəlif dərəcəli xəsarət alaraq Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Dava zamanı xəsarət alan C.Mehdiyev mərkəzi xəstəxanada baş tibb qardaşı vəzifəsində çalışır.

Faktla bağlı Füzuli Rayon Polis Şöbəsində müvafiq araşdırmalar başlanıb.

***

2025.07.29

23:21

Füzuli Rayon Mərkəzi Xəstəxanasının baş tibb qardaşı döyülərək xəstəxanalıq olub.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Alıxanlı kəndində baş verib.

Rayon Mərkəzi Xəstəxanasının baş tibb qardaşı Mehdiyev Ceyhun Əsgər oğlu rayonun Alıxanlı kəndində yerləşən Şıxəli adlanan bulaqdan ailəsi ilə birlikdə su doldurarkən naməlum şəxs və ya şəxslərin hücumuna məruz qalıb. Hadisə zamanı tibb işçisinin başına və bədənin müxtəlif nayihələrinə zərbələr endirilib.

Faktla bağlı araşdırma aparılır.