BAKI, 20 iyun. TELEQRAF

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin rəisi Ramin Şükürov saxta hərbi bileti vətəndaşa 30 min manata satıb.

Bu barədə Teleqraf-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, Dövlət Xidmətinin Xəzər rayon idarəsinin rəisi Ramin Şükürov, həmin idarənin Çağırış şöbəsinin baş zabiti Xalid Əzimov və zabiti Emil Nəbiyevin xidməti vəzifələrinin icrası zamanı vətəndaşlardan rüşvət almaları barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.

İbtidai istintaqla Ramin Şükürovun sözügedən vəzifədə işləyərkən Xalid Əzimov və Emil Nəbiyev ilə cinayət əlaqəsinə girərək çağırışçıların həqiqi hərbi xidmətə cəlb edilməməsi ilə əlaqədar dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə qismən yararlı hesab edilmələri barədə hərbi biletin verilməsi və hərbi qeydiyyata alınma prosesini sürətləndirmək müqabilində ayrı-ayrı şəxslərdən külli miqdarda pul vəsaitini təkrarən rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa Ramin Şükürovun öz qulluq mövqeyindən istifadə etməklə qeyd olunan Xidmətin Nərimanov rayon idarəsində hərbi qeydiyyatda olan vətəndaşın dinc dövründə hərbi xidmətə yararsız, müharibə dövründə qismən yararlı hesab edilməsinə köməklik edilməsi ilə bağlı sonuncudan 30 min manat məbləğində pul vəsaitini alaraq həmin şəxsə hərbi biletin verilməsinə nail olmaqla vəzifəli şəxslərin və hərbi həkim komissiyasının qərarına qanunsuz təsir göstərməsinə (nüfuz alveri etməsinə) əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Ramin Şükürova Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) maddələri ilə ittiham elan edilməklə barəsində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, Emil Nəbiyevə həmin Məcəllənin 311.3.1 və 311.3.3, Xalid Əzimova isə həmin Məcəllənin 311.3.1 və 311.3.2-ci maddələri ilə ittiham elan edilməklə barələrində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə ev dustaqlığı növündə əsas, hər üç şəxs barəsində vəzifədən kənarlaşdırma növündə isə əlavə qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

***

09:45

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin sabiq rəisi Ramin Şükürov və həmin idarənin iki zabitlərinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf xəbər verir ki, cinayət işi üzrə olan materiallar baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Fikrət Əliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası avqustun 30-na təyin olunub.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan istintaqla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin sabiq rəisi Ramin Şükürov və həmin idarənin Çağırış şöbəsinin baş zabiti Xalid Əzimov, zabiti Emil Nəbiyev məsuliyyətə cəlb olunublar.

Ramin Şükürovun qeyd olunan vəzifədə işləyərkən 2025-ci ilin yanvar-fevral aylarında Xalid Əzimov və Emil Nəbiyev ilə qabaqcadan əlbir olub hərbi qeydiyyata alınma prosesinin sürətləndirilməsi məqsədilə ona müraciət etmiş vətəndaşa “hərbi bilet əvəzi arayış” verilməsi müqabilində sonuncudan qanunsuz olaraq 8 min manat məbləğində pul vəsaitini tələb etməklə həmin məbləğin 2 min manat hissəsini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.

İstintaq orqanı tərəfindən onların barəsində Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda rüşvət alma) maddələri ilə yekun ittiham verilib. Xatırladaq ki, Ramin Şükürov həbsdə, digər iki zabit isə ev dustaqlığındadır