BAKI, 20 iyun. TELEQRAF

Fransanın milyardlarla dollar dövriyyəsi olan “SAUR” şirkətinin vitse-prezidenti Anass Derraz barəsində Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib.

Təqsirləndirilən şəxs ingilis və fransız dilini bilən tərçüməçilərlə təmin edilib.

A.Derraza hüquq və vəzifələri izah olunub. O, məhkəmə heyətinə etiraz etməyib.

Bundan sonra təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, o, 1984-cü ildə Mərakeşdə anadan olub, Fransa Respublikasının və Mərakeş Krallığının vətəndaşıdır, evlidir, iki uşağı var.

Qeyd olunub ki, o, “SAUR” şirkətinin vitse-prezidentidir. Şirkət Dubayda qeydiyyatdan keçib.

Təqsirləndirilən şəxs cinayət işinə xitam verilməsini, işin ibtidai araşdırmaya qaytarılmasını istəyib. O həmçinin bildirib ki, 11 aydır işləmir, övladları Dubaydadır, onların yanına getmək istəyir.

Məhkəmə A.Derrazın vəsatətini təmin etməyib.

Cinayət işi araşdırılması üçün məhkəmə baxışına verilib.

Məhkəmə baxışı iyulun 3-ə təyin olunub.

Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Anass Derraza Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 32.5, 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, Fransa prezidentinin mühafizə xidmətinin sabiq rəhbəri Aleksandr Benalla və “SAUR” şirkətinin vitse-prezidenti Anass Derraz 2018-ci ildə Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun aktivlərinə qarşı beynəlxalq sanksiyaların ləğvi müqabilində sonuncudan külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunurlar.

Həmin iş üzrə əvvəllər xarici və yerli mətbuatda dərc edilmiş məqalələrdə qeyd edilir ki, Fransa rəsmiləri Fərhad Əhmədovdan rüşvət tələb ediblər və bunun müqabilində ona dəbdəbəli “Luna” yaxtasının beynəlxalq həbsdən azad ediləcəyini, özünün sanksiyalardan qorunacağını vəd ediblər.

Məlumatlara əsasən, F.Əhmədov milyonlarla dollarlıq rüşvətin bir hissəsini Anass Derrazın “AL HILAL BANK”dakı hesabına və Aleksandr Benallanın “BANK OF AFRICA UNITED KINGDOM PLC SC PAR”dakı hesabına köçürüb.

A.Derraz Azərbaycanda məsuliyyətə cəlb olunaraq ölkədən çıxışına qadağa qoyulub, A.Benallanın isə beynəlxalq axtarışa verilməsi ilə bağlı İnterpola müraciət olunub.

İnterpol Baş Katibliyi uzun prosedurdan sonra ümumi qərarla Fransa vətəndaşı Aleksandr Benallanın axtarışını əsaslı hesab edərək 2025-ci ilin aprel ayında “Red Notice” (“Qırmızı bülleten”) ilə beynəlxalq axtarışa daxil edib və bu barədə bütün üzv dövlətlərə bildirişlər göndərib.

İnterpolun Fransa prezidentinin Mühafizə Xidmətinin sabiq rəhbərini “Red Notice” (“Qırmızı bülleten”) əsasında beynəlxalq axtarışa verməsi DTX-nin əlində təkzibedilməz və mötəbər sübutların mövcudluğundan xəbər verir. “Qırmızı bülleten” şəxsin olduğu ölkədə tutulmasını və barəsində axtarış elan etmiş ölkəyə ekstradisiyasını nəzərdə tutur. A.Benallanın hazırda olduğu üçüncü ölkədə ekstradisiya proseslərinə cəlb edildiyi məlumdur.